Ermənistan sərhədə qoşun yığır: yeni savaş hazırlığı – İlk hədəf budur Siyasət
Son günlər Ermənistana silah yardımı intensivləşib. Fransa və Hindistanın ardınca indi də Yunanıstanın Ermənistana S-300 raket komplekslərini göndərəcəyi deyilir. İrəvanın xarici ölkələr tərəfindən intensiv silahlandırılması, sərhədə qoşun yığılması bu sualı aktivləşdirir: Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır?
Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin olması sirr deyil. Fransa, Hindistan, İran, Yunanıstan kimi ölkələrin Ermənistanı silahlandırması fonunda isə bu proses daha da dərinləşir.
Ermənistan nə hücum, nə də müdafiə müharibəsində Azərbaycanla bacara bilər. İrəvan silahlansa da, bu silahlardan istifadə edəcək kadr ehtiyatından məhrumdur. Digər tərəfdən, müharibə xərc tələb edir və Ermənistan iqtisadiyyatı yeni müharibəyə davamlı deyil. Ən önəmli faktor isə canlı qüvvədir. Ermənistan əhalisi Azərbaycan əhalisindən qatbaqat azdır. Yəni ehtimal səfərbərlik imkanları qeyri-bərabərdir. Belə olan təqdirdə Ermənistanın təkcə silah yardımına arxayın olub Azərbaycanla müharibəyə girməsi qeyri-real görünür. Deməli, ortada başqa səbəblər var.
Birincisi, Ermənistan Fransa və digər ölkələrdən iqtisadi, diplomatik və hərbi yardım alır. Yəni bu yardımın qarşılığı olmalıdır. Buna görə də kiçikçaplı bir hərbi toqquşma ilə uğur qazanmağı hədəfləyir. Bu baxımdan Ermənistanın hərbi insidentə getməsi mümkündür.
İkincisi, Qərb Ermənistanın regionda gərginliyi artırmasını istəyir. Çünki aydın görür ki, Fransa, həmçinin Avropa İttifaq Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.
Üçüncüsü, N.Paşinyan başa düşür ki, Bakının nə delimitasiya, nə konstitusiya islahatları, nə də sülh müqaviləsi ilə bağlı tələblərini yerinə yetirə bilir. Çünki daxildə ciddi təzyiq var. Buna görə də lokal gərginlik fonunda Bakının tələblərini qəbul edib, bunu öz istəyi ilə yox, Azərbaycanın diktəsi ilə etdiyini daxili auditoriyaya yeritmək istəyir.
Bütün hallarda Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə, kövrək sabitliyin pozulmasına və yeni müharibənin başlanmasına aparır. Amma Bakının sülhə inamı, təmkinli davranışı prosesin qarşısını ala bilər. Bu baş verməsə belə, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Elə və ya belə, sülh əldə ediləcək.
Turan Rzayev