Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Maltada görüşüb - YENİLƏNİB Siyasət
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin müxtəlif aspektləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, həmkarını Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə bir daha təbrik edib, fəaliyyəti dövründə uğurlar arzu edib.
Tərəflər ölkələrimiz arasında beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əməkdaşlığın regional və beynəlxalq platformalar çərçivəsində inkişafına mümkün töhfələri qeyd olunub.
İkitərəfli münasibətlərin iqtisadi, müqavilə-hüquq, humanitar və enerji aspektlərinin inkişafının əhəmiyyəti qeyd olunub, birgə strateji layihələrin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov ölkəmizin sədrlik etdiyi və bölgəmizdə ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə həmkarını məlumatlandırıb. Milli səviyyədə yaşıl enerjinin inkişaf etdirilməsi sahəsində beynəlxalq səylərini bundan sonra da davam etdirəcəyi və bu istiqamətdə Gürcüstan ilə birgə əməkdaşlığın daha da inkişaf etdirilmısinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri barədə ətraflı məlumatlandırılıb, bölgədə dayanıqlı sülh quruculuğuna ən böyük təhdid kimi Ermənistanın qonşu dövlətlərə olan ərazi iddialarının mövcudluğu vurğulanıb.
Görüşdə, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
***
18:31
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
Görüş Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi-ticarət və enerji aspektləri və perspektivlərini müzakirə etmək üçün görüş keçirib.
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və dəstəyə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən razı qaldıqlarını bildirib və iki ölkə arasında investisiyaların və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bir daha vurğulayıblar.
Görüşdə COP29 tədbirinin nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb, regional sülh və normallaşma səyləri, sülh prosesinə qarşı mövcud çağırışlar və təhdidlər, o cümlədən Ermənistanın qonşularına qarşı davam edən ərazi iddiaları barədə məlumat verilib.