“Hadisələrdən iki gün öncə Niderlandın Türkiyədəki baş konsulu və diplomatik korpusun nümayəndələri ölkəni tərk ediblər” Siyasət

“Hadisələrdən iki gün öncə Niderlandın Türkiyədəki baş konsulu və diplomatik korpusun nümayəndələri ölkəni tərk ediblər”

Elçin Mirzəbəyli: "Bu da onu sübuta yetirir ki, bütün hadisələr öncədən planlaşdırılmış bir siyasi kampaniyadır"

Elşən Musayev: "Baş verən proseslərin fonunda Türkiyənin təklənmə cəhdlərini görürük"

Azər Həsrət: "Avropa ölkələrində Türkiyəyə qarşı ikili standartlar var və buna təəccüb etmirəm"

Ankara ilə Amsterdam arasında diplomatik qalmaqalın hara qədər davam edəcəyi maraq doğurur. Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandı sərt ifadələrlə tənqid edib. Trükiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlandın üzr istəmədiyi müddətdə müvafiq addımlar atılacağını bildirib.
Xatırladaq ki, Niderlandın Türkiyədə 22 milyard dollarlıq yatırımı var.
Niderland Baş naziri Mark Rutte "münasibətlərin yumşaldılmasının tərəfdarıyıq, ancaq üzr istəyən deyilik..."deyib.
Qardaş ölkə ilə Niderland arasında baş verən diplomatik qalmaqal Azərbaycanda da maraqla izlənilir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib ki, Niderlandın Türkiyəyə qarşı davranışı insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə zidd olan bir addımdır.
O bildirib ki, heç bir halda dinc vətəndaşlara qarşı belə bir davranış sərgilənə bilməz: "Eyni zamanda, bu, həm də diplomatik rəzalətdir. Türkiyənin xarici işlər nazirinə qarşı nümayiş etdirilən davranış, onun təyyarəsinin enişinə icazə verilməməsi diplomatiya tarixində rast gəlinməyən bir hadisədir. Bu, Niderlandın timsalında tətbiq olundu. Bütün tarix boyu da Niderlandın üz qarası olaraq qalacaq. Əslində baş verənlər sübut edir ki, bu proses öncədən planlaşdırılıb. Çünki bu hadisələrdən iki gün öncə Niderlandın Türkiyədəki baş konsulu və diplomatik korpusun nümayəndələri ölkəni tərk ediblər. Bu da onu sübuta yetirir ki, bütün hadisələr öncədən planlaşdırılmış bir siyasi kampaniyadır və təbii ki, bunu yalnız bir rəzalət kimi qiymətləndirmək olar".
Bu hadisənin Türkiyə ilə digər Avropa ölkələrinin münasibətlərinə hansı təsirinin ola bilməsinə gəlincə, E.Mirzəbəyli vurğulayıb ki, Avropnaın böyük dövlətləri Birləşmiş Krallıq, Fransa Türkiyə ilə münasibətlərə kifayət qədər önəm verdiklərini bildiriblər: "Həmin ölkələrin rəsmiləri bəyan etdilər ki, Türkiyənin hansısa aksiya keçirməsi üçün hər hansı problem yoxdur. Benilüks ölkələri, Avstriya və bir sıra digərləri ümumiyyətlə Türkiyəyə qarşı qərəzli mövqe tuturlar. Türkiyə regionda, dünyada əhəmiyyətli yeri olan mühüm geostrateji mövqeyə malik bir ölkədir. Bu baxımdan Ankaraya qarşı aparılan kampaniyanın nəticəsi olmayacaq. Çünki Avropanın böyük dövlətləri Türkiyə ilə münasibətləri qoruyub saxlamağa çalışacaq".
Millət vəkili Elşən Musayev deyib ki, ümumiyyətlə, son vaxtlar Türkiyənin başı bəlalıdır: "Çünki Türkiyəni gözügötürməyən dövlətlər çoxdur. Biz bunu həm beynəlxalq təşkilatların Türkiyəyə münasibətində hiss etmişik, həm də dünyada baş verən proseslərin fonunda Türkiyənin təklənmə cəhdlərini görürük...". Onun sözlərinə görə, bu gün Türkiyənin müstəqil formada dünya siyasətində, beynəlxalq siyasətində öz sözünün olması ilə bağlıdır: "İkinci Dünya müharibəsindən sonra belə bir tendensiya olub ki, Qərb və Rusiya ikili güclü faktor kimi çıxış etməyə çalışıblar. Onlar dünyanı bir formada bölüşdürməyə cəhdlər ediblər. Son 5 ildə isə Türkiyədə elə bir qətiyyətli dövlət forması ortaya çıxıb ki, artıq o dünya arenasında nəinki özünü müdafiə edəcək həm də bir başqa dövlətləri müdafiə edəcək gücə çevrilib. Təbii ki, bunu da həmin o dərin güclər heç bir şəkildə qəbul etmək istəmir. Bildiyiniz kimi Türkiyə siyasətində "FETO" skandalı oldu. Eləcə də müxətlif sui-qəsdlər, ard-arda terrorlar təşkil olundu. Əslində bütün bunlar planlı şəkildə həyata keçirilmiş proseslər idi. Bunlar heç də özbaşına baş vermirdi".
E.Musayev əlavə edib ki, bu gün diplomatiya açıq bir münaqişə zəmninə gəlib: "Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, ardından da ailə və sosial siyasət naziri Fatma Betül Kayaya qarşı Hollandiyada atılan addımların bir çox səbəbləri var. Birincisi Hollandiyanın Türkiyəyə olan mövqeyi Avropanın Türkiyəyə olan mövqeyidir. Təbii ki, bu, olduqca yanlış bir mövqedir. İkincisi bu yaxınlarda Hollandiyada seçkilər olacaq. Bu seçkidə isə əsas üzdə olan, qələbə şansı olan komanda onların azadlıq blokunun lideridir. O da müsəlmanlara qarşı qeyri-adi bir nifrətə sahib insandır. Onun əsas siyasi, fəlsəfi xətti ondan ibarətdir ki, ölkəyə müsəlmanlar buraxılmasın və s. Bütün bunlar belə bir proseslərin yaranmasına gətirib çıxarıb. Mən bir Azərbaycan vətəndaşı olaraq öz adımdan bəyan edirəm ki, biz türklərə nə lazımdısa etməyə hazırıq. Biz hər zaman türk qardaşlarımızın yanındayıq".
Siyasi şərhçi Azər Həsrət deyib ki, bəzi Avropa ölkələrində Türkiyəyə qarşı ikili standartlar var və buna təəccüb etmirəm. Onun sözlərinə görə, ötən həftə sonu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ardından da ailə və sosial siyasət naziri Fatma Betül Kayaya qarşı Hollandiya dövlətinin davranışı nəinki diplomatiya və siyasət, ümumiyyətlə ənadi ədəb qaydaları baxımından da əndazədən kənardır: "Bu isə bir daha təsdiq edir ki, Avropa ölkələri özlərindən başqa hər kəsə yuxarıdan aşağı baxır, hamını əlaltı kimi görmək istəyir. Təbii ki, belə olduğu üçün biz - yeni demokratiyalar Avropa ölkələrinin səmimiyyətinə həmişə şübhə etmişik, edəcəyik də. Onlarda Şərq insanında olan sadəlik və saflıq, qarşılıqlı hörmət dəyərləri çox aşağı səviyyədədir. O baxımdan Azərbaycan da daxil olmaqla türk dövlətləri öz inkişaf yollarını seçməkdə haqlıdırlar və Avropanın diktəsinə boyun əymədən öz yolumuza davam etməliyik. Biz konkret olaraq bu məsələdə həm ictimai rəy, həm də dövlət olaraq birmənalı şəkildə Türkiyə dövlətinin yanındayıq".
Politoloq Cəbrayıl Fərzəliyev səsləndirib ki, Avropa İnsan hüquqlarını və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, bu ölkədə yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır. O, bildirib ki, diplomatik və konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarının, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması müşayiət olunur: "Hesab edirəm ki, insan hüquq və azadlıqlarını özünün ali dəyərlər sistemi kimi təqdim edən Avropada demokratiyanın bu təməl prinsiplərinin qitədə bir daha gözdən keçirsələr daha məntiqli olar. Bu hadisələr təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var". Politoloq deyib ki, mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək və radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir: "Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir. Bir sözlə bu böhranın əsasında Hollandiyada fəallaşan radikal sağçıların anti-islam, anti-türk mövqeyinin dayandığını hesab edirəm. Fikrimcə, tərəflər arasında mövcud böhran seçkilərdən sonra həll ediləcək".
KAFKASSAM-ın əməkdaşı, türkiyəli politoloq Ömür Çelikdönmez deyib ki, Hollandiyada Türkiyə əleyhinə başlanan proses bu ölkədə martın 15-də keçiriləcək parlament seçkiləri ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, Hollandiya 2012-ci ildən bəri liberal olan baş nazir Mark Ruttenin VVD partiyası ilə sosial-demokrat PvdA partiyasının birgə qurduğu koalisiya hökumət tərəfindən idarə edilir: "Hazırda Geerd Vilderin millətçi Azadlıq Partiyası - PVV sürətlə yüksəlir və onun yüksəlişi fonunda gərgin seçki atmosferi var. Fransada "Milli Cəbhə", Almaniyada "Almaniya üçün Alternativ" (AfD), Avstriyada Azadlıq Partiyasından sonra Hollandiyada da sağçı Azadlıq Partiyasının nüfuzu sürətlə böyüyür. Martın əvvəllərində keçirilən rəy sorğularına görə, Mark Ruttenin başında olduğu koalisiya hökuməti seçkilərdə 15 faiz itirəcək. Geerd Vildersin Azadlıq Partiyası miqrantların və müsəlmanların ölkəyə girişinə qarşıdır. Hətta seçkidə qazanacağı təqdirdə ölkədəki məscidləri və İslam məktəblərini bağlayacağını deyir. Baş nazir Mark Rutte məhz öz partiyasının səs itirməsinin qarşısının almaq üçün sağçıların nöqteyi-nəzərindən siyasət yürüdür. Türkiyəyə və türklərə qarşı atılan addımların səbəbi də budur".
Ö.Çelikdönmez hesab edir ki, Hollandiyanın baş naziri Mark Rutte irqçi və millətçi olan Azadlıq Partiyasının səslərinə göz dikib.
"Yəni bu partiyanın tərəfdarlarından səs almaq, hətta onlarla birlikdə koalisiya qurmaq niyyətindədir. Bu baxımdan, böhranın uzunmüddətli olmayacağını, seçkidən sonra həll ediləcəyini hesab edirəm", - deyə o bildirib.
Politoloq Ramiz Alıyev deyib ki, Niderlandın Türkiyə xarici işlər nazirinə və digər qonaqlara qarşı etdiyi hərəkətlər heç bir diplomatik etiketə sığmır: "Niderland polisinin dinc türk nümayişçilərin üzərinə itlər, atlar və silahlı dəstələrlə vəhşicəsinə hücum etməsi dünyanın heç bir hüquq normalarına və insanlığa sığmır".
O qeyd edib ki, özünü insan haqlarının carçısı sayan "Freedom Hause" və "Human Rights Whatch" beynəlxalq təşkilatları və onların təmsilçilərimövqesizlik göstərdiklərinə görə, qeyri-qanuni hərəkətlər edənlərlə eyni məhsuliyyəti daşımalıdırlar: "Təəssüf ki, insan haqlarının qorunması ilə məşğul olmalı olan bəzi beynəlxalq təşkilatlar Qərbin "demokratiya" adlı tamaşasında, müasir imperializmin həyata keçirdiyi bu çirkin oyunlarda alətə çevriliblər. Onlar bu cür məqamlarda sanki belə olmalıymış kimi davranıb, açıq aşkar öz mövqesizliklərini göstərirlər. Bu, birbaşa qərəz, neofaşizmə xidmət etməkdir. Belə hallar bir daha onu göstərir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var. Qərb "demokratiya" adlı silahdan istifadə edir. Onlar vassallıqlarında olmayan ölkələri "demokratiya" adı ilə özlərinə tabe etmək, istədikləri qayda-qanunları həmin ölkələrdə tətbiq etmək, bu ölkələrin milli sərvətlərini mənimsəmək və özlərindən asılı vəziyyətə salmaq istəyirlər".

Əli