Ali Məclisin deputatı: 2024-cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaqdadır Siyasət
Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında önəmli yer tutur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər Naxçıvanın davamlı inkişafını təmin edir. Bu proqramın əsas məqsədi muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifahının artırılması və məşğulluğun yüksəldilməsidir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov söyləyib.
Onun sözlərinə görə, müasir idarəetmə modelinin tətbiqi ilə idarəetmənin təkmilləşdirilməsi, ətraf mühitin qorunmasına yönəlmiş layihələr və yaşıl enerji zonası statusunun qazanılması, muxtar respublikanın gələcək inkişafını təmin edən əsas amillərdəndir. Bu sahədə görülən işlər təkcə ölkədaxili deyil, beynəlxalq səviyyədə də diqqət çəkir.
Deputat qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı, muxtar respublikanın tarixi inkişaf yolunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunu vurğulayan əhəmiyyətli bir sənəddir.
“Yubiley çərçivəsində həyata keçirilən müxtəlif layihələr və tədbirlər, Naxçıvanın zəngin mədəni irsini və müasir nailiyyətlərini dünyaya tanıtdı. Eyni zamanda hazırda Naxçıvanda iqtisadiyyatın diversifikasiyası məqsədilə mühüm layihələr reallaşdırılmaqdadır. Prezident İlham Əliyevin imzaladığı Fərmanla yaradılan Naxçıvan Sənaye Parkı bu prosesin mərkəzində dayanır. Beləliklə müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı üçün unikal imkanlar açılır. Bu sənaye parkı, sahibkarlara səmərəli fəaliyyət üçün zəruri infrastrukturu təmin edərək, Naxçıvanın iqtisadi inkişafına töhfə verəcək”, - deyə deputat vurğulayıb.
Üzeyir Məmmədov qeyd edib ki, Naxçıvan Azərbaycanın yaşıl enerji strategiyasının da mühüm bir hissəsidir. Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər çərçivəsində Naxçıvanın yaşıl enerji zonası elan edilməsi xüsusi inkişaf konsepsiyasının hazırlanmasına səbəb olub: “Bu konsepsiya çərçivəsində bərpaolunan enerji mənbələrinin istifadəsi genişləndirilir. Naxçıvanın təbii resursları, xüsusən də günəş və külək enerjisi potensialı, onun regionda ekoloji cəhətdən təmiz və davamlı enerji mənbələri ilə tanınmasını təmin edir. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın inkişafında mühüm mərhələ olacaq. Həmin layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Çin və Türkiyə arasında strateji bir nəqliyyat marşrutu yaradacaq. Bu dəhliz yüklərin daşınmasını sürətləndirəcək, xərcləri azaldacaq və Naxçıvanı beynəlxalq nəqliyyat şəbəkəsinin əsas mərkəzlərindən birinə çevirəcək. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının vacibliyinə dair bəyanatı, layihənin reallaşmasına olan qətiyyətin göstəricisidir. 2024-cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaqdadır. Muxtar respublika bu il beynəlxalq səviyyədə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdi. Gələcək illərdə də Naxçıvanın inkişafına yönəlmiş layihələrin davam etdirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında liderliyini möhkəmləndirəcək”.