Tramp Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır - ŞƏRH Siyasət

Tramp Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır - ŞƏRH

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiya ilə sülh sazişi bağlamağa hazır olduğunu açıqlayıb. O, Ukraynanın ciddi itkilər verdiyini vurğulayaraq, dərhal atəşkəs və danışıqların başlanmasının vacib olduğunu bildirib. Tramp, Çini vasitəçi rolunda iştirak etməyə çağırıb və Rusiyanın münaqişə nəticəsində zəiflədiyini qeyd edib. Bu təklifin qlobal siyasət və ABŞ-nin xarici siyasəti üçün mümkün nəticələri müzakirə olunur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirir ki, Donald Trampın prezident seçkiləri öncəsi əsas vədlərindən biri müharibələrin dayandırılması və ABŞ-nin daxili siyasətinə daha çox diqqət ayırmaq olub. Politoloqun fikrincə, bunun əsas səbəblərindən biri ABŞ iqtisadiyyatının qlobal proseslər fonunda zəifləməsi, dolların inflyasiyaya məruz qalması, hərbi sahədə problemlər və digər çətinliklərdir.

"Trampın bu strategiyası seçkilərdə uğur qazanmaq məqsədi ilə yanaşı, ABŞ-nin uzunmüddətli maraqlarını da əhatə edir. Əhalinin müharibələrə qarşı mövqeyi və iqtisadi problemlərin daha vacib olması Trampı verdiyi vədləri yerinə yetirməyə məcbur edir," – deyə politoloq vurğulayıb.

Əli Zülfüqaroğluna görə, Trampın bu siyasəti yalnız ABŞ-nin daxili problemlərini həll etməyə yönəlməyib, həm də beynəlxalq arenada balans yaratmağı hədəfləyir. O, Baydenin Rusiyaya təzyiq siyasətinin ABŞ-nin maraqlarına zidd olduğunu və Çin-Rusiya-Şimali Koreya ittifaqının yaranmasına səbəb olduğunu iddia edir.

"Tramp bu ittifaqın ABŞ üçün ciddi təhlükə yaratdığını düşünür və Çinlə mübarizədə üstünlük qazanmaq üçün Rusiyayla münasibətləri normallaşdırmağa çalışır. Bu, ABŞ-nin Ukraynaya olan yardımını azalda və Rusiya ilə müəyyən razılaşmaların əldə edilməsinə səbəb ola bilər," – politoloq əlavə edib.

Politoloq qeyd edir ki, ABŞ və Rusiya arasında münasibətlərin normallaşması Ukrayna üçün mənfi nəticələrə səbəb ola bilər. "Bu vəziyyət Ukraynanın dövlətçilik mövcudluğunu və birliyini təhlükə altına salır" – deyə o bildirib.

Əgər Donald Tramp prezidentlik müddətində müharibəni dayandırmaq və Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində real addımlar atarsa, bu, ABŞ-nin xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.