“Müqavilə ilə formalaşan peşəkar ordu qurmalıyıq" - Qüdrət Həsənquliyev Siyasət
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna, və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə edilən dəyişikliyə görə, Silahlı Qüvvələrə çağırış üçün yaş həddi 35-dən 30-a endirilir. Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev və ehtiyata buraxılmış bəzi yüksək rütbəli zabitlər yaş həddinin 27-28 yaşa qədər endirilməsinin daha səmərəli olacağını söyləyirlər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Son vaxtlar Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə ölkə həyatının aktual mövzuları ilə əlaqədar Milli Məclisdə müvafiq ictimai təşkilatların və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilir. Mən, ordu quruculuğu və Silahlı Qüvvələrə çağırışla bağlı da ictimai dinləmə keçirilməsini alqışlayardım. Dəyişikliklərlə bağlı qanun layihələri Komitə iclasından bir neçə saat öncə plenar iclasın gedişində elektron qaydada bizə göndərildi. Ona görə layihələri və beynəlxalq təcrübəni öyrənib müqayisə aparmaq fiziki baxımdan mümkünsüz idi. Mənim və sədri olduğum ƏHD Partiyasının mövqeyi ondan ibarətdir ki, biz, müqavilə ilə formalaşan peşəkar ordu qurmalıyıq. Hərbçi olmaq bir sənətdir, bunun üçün fiziki və psixoloji hazırlıq, irsən ötürülən cəsarət lazımdır. Konstitusiyanın "Vətəndaşların əsas vəzifələri" adlanan 4-cü fəslinin 76-cı maddəsində vətəni müdafiə hər bir vətəndaşın borcu sayılır və hərbi xidmət keçmənin qanunla müəyyən edilməsi göstərilir. Ona görə Konstitusiyanın bu maddəsinə istinad edib hamının hərbi xidmət keçməli olduğu barədə müzakirələrdə səsləndirilən fikirlərin əsası yoxdur. Vətəni müdafiə etmək borcunun, yaxud vəzifəsinin yalnız hərbi xidmət keçmək kimi başa düşülməsi isə kökündən səhvdir.
44 günlük savaşda müqavilə ilə formalaşan xüsusi təyinatlıların göstərdiyi şücaəti, peşəkarlığı və döyüş tapşırıqlarını necə yerinə yetirmələrini hər kəs gördü. Bu bir daha peşəkar orduya keçməyin zəruriliyini əyani nümayiş etdirdi. Əgər peşəkar orduya bu və ya digər səbədən tam keçmək mümkün deyilsə, Silahlı Qüvvələrə çağırış yaşının 27-28 yaşa qədər endirilməsini mən də müdafiə edirəm. Bundan başqa müzakirələr zamanı ailə vəziyyətinə görə möhlət hüququnun iki övladı olan və ailədə yeganə gəilr gətirən şəxslərə də şamil olunmasını təklif etdim. Onu da təklif etdim ki, ölkəmizin yüksək ixtisaslı kadrlara ehtiyacı olduğunu nəzərə alaraq magistr və rezidentura təhsili almış şəxslər pul qarşılığında çağırışdan azad olunsun və bu qanunvericilikdə öz əksini tapsın. Məsələn, dövlətin müqavilə ilə orduya cəlb etdiyi bir nəfərə çəkdiyi illik xərci, yaxud onun iki mislini ödəməklə onlar çağırışdan azad oluna bilərlər. Bu Silahlı Qüvvələrin maliyyə təminatına əlavə töhfə olar.
Müzakirələrdə mən indiki mərhələdə çağırışçılar üçün hərbi xidmət müddətinin bir ilə qədər endirilməsinin vacibliyini də diqqətə çatdırdım.
- Bu, Silahlı Qüvvələrin komplektləşdirilməsinə çətinlik yaratmaz ki?
- Hal-hazırda müəyən çətinliklərin ola biləcəyi barədə müzakirələrə qatılmış Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Xidmətin yüksək çinli əməkdaşları tərəfindən məlumat verildi. Amma ordu quruculuğu və səfərbərliklə bağlı kompleks islahatlar aparılarsa bu problem yaşanmaz.
- Qüdrət bəy, bu günlərdə Qərbi Azərbaycan icması soydaşlarımızın Qərbi Azərbaycana öz ata-baba torpaqlarına, min illərlə yaşadıqları yurdlarına qayıdışı ilə əlaqədar böyük beynəlxalq konfrans keçirdi. Bu ideyanın gerçəkləşmə imkanını necə qiymətləndirisiniz?
-İlham Əliyev xalqımız qarşısında dayanan ən çətin tarixi missiyanı yerinə yetirib. Qarabağ düşməndən azad edilib. İkinci tarixi missiya isə öz yurdlarından qovulmuş soydaşlarımızın dinc yolla geri qaytarılmasıdır. Bu istiqamətdə Prezidentin tapşırığı, onun köməkçisi Ədalət Vəliyevin himayəsi və Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərlinin birbaşa rəhbərliyi ilə böyük işlər görülür, beynəlxalq ictimaiyyətə tarixi həqiqətlər çatdırılır. Bu missiyanın uğurla yerinə yetirilməsi üçün bölgəyə sülh gəlməli, əməkdaşlıq, region dövlətlərinin siyasi və iqtisadi baxımdan sıx inteqrasiyası olmalıdır. Regionun, Azərbaycanın gələcəyi bizim daha çox Türkiyə və Rusiya ilə nə dərəcədə, hansı səviyyədə uğurlu əməkdaşlığımızdan asılıdır. Zəngəzurda az sayda erməni yaşayır, onlar da köçüb gedirlər. Mərhum Prezident Heydər Əliyev deyirdi ki, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Güclü iqtisadiyyat, güclü müttəfiqlər, milli birlik olacaqsa Qərbi Azərbaycana qayıdış da olcaq.