"2024-cü il Azərbaycanın xarici siyasətində uğurlu il kimi yadda qalıb" Siyasət

"2024-cü il Azərbaycanın xarici siyasətində uğurlu il kimi yadda qalıb"

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

QHT sədri qeyd edib ki, bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb: "Dövlətimizin başçısı cari ildə xarici ölkəyə ilk səfərini Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə fevralın 16-18-də Almaniyaya edib. Üç gün davam edən səfər çərçivəsində Azərbaycan Prezidenti 24 görüş keçirib. Bu görüşlərin məhz qarşı tərəflərin müraciətlərinə əsasən keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və təşəbbüslərinin qlobal miqyasda qəbul edilməsinin göstəricisidir. Almaniya səfərinin ardından Azərbaycan Prezidenti fevralın 18-19-da qardaş Türkiyədə səfərdə olub. Prezident İlham Əliyevin səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşləri strateji müttəfiqlik və qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan başqa Azərbaycan Prezidentinin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də bu ölkəyə işgüzar səfəri zamanı Rusiya dövlətinin başçısı ilə görüşündə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər strateji məsələlər müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev, ümumiyyətlə, il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərdə olub.

Bu səfərlər zamanı Azərbaycan ilə müvafiq dövlətlər arasında siyasi, iqtisadi-ticari, kommunikasiyalar, mədəniyyət, elm-təhsil və digər sahələrə aid mühüm sənədlər imzalanıb, Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar və ölkəmizin geosiyasi rolu məsələləri müzakirə olunub".

Cavid Şahverdiyev