“Azərbaycan iqtisadi və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövlətidir" - Qüdrət Həsənquliyev Siyasət
Dünyanın qarışdığı, hadisələrin gərginləşdiyi, region dövlətlərin çalxalandığı bir vaxtda bəzi narahatlıq doğuran suallarla bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Qüdrət Həsənquliyevlə görüşüb müsahibə aldıq. Müsahibəni olduğu kimi təqdim edirik:
- Qüdrət bəy, Gürcüstanda baş verən prosesləri necə dəyərləndirirsiniz?
- Əslində Gürcüstanda baş verənlər ondan ibarətdir ki, Gürcüstan müxalifəti seçkilərdə uğur qazanmamasına baxmayaraq, mövcud iqtidarı devirmək, siyasi böhran yaratmaqla hakimiyyət dəyişikliyinə nail olmaq istəyir, xalq isə iqtidarı dəstəkləyir. Müxalifətə səs vermiş insanların da əksəriyyəti seçkinin nəticələrini tanıdılar deyə, müxalifətin aksiyalarına dəstək vermirlər, çünki müxalifət seçkinin saxtalaşdırılmasına dair heç bir ciddi dəlil-sübut ortaya qoya bilmir. Hətta, seçkilərdən dərhal sonra ATƏT-in müşahidə missiyyası da seçkinin nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan elədi. Bu baxımdan görürsünüz, oradakı etiraz aksiyalarına 1000-2000 nəfərdən artıq insan qatılmır, onların da bəlkə də 90 faizi qeyri-hökümət təşkilatlarının nümayəndələridir ki, qərb tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, Salone Zurabişvilinin bu inqilab cəhdi artıq müəyyən mənada iflasa uğradı. Əgər o, öz kabinetini tərk etməsə, polis gəlib qolundan tutub çıxaracaq bayıra. Bu qadın məkirli insandır. O, hətta beynəlxalq birliyin sağlam hissəsinin çağırışlarına baxmayaraq, Sakaşvilini də cəzadan azad etmədi. Bu baxımdan xalqın belə bir qadının arxasınca gedəcəyi və ona dəstək verəcəyi mümkünsüz görünür. Onun səlahiyyət müddəti artıq başa çatdı. Dekabr ayının 16-da Prezidentin and içməsindən sonra kabineti tərk etməsə -deyib ki, kabineti tərk etməyəcəyəm - yəqin ki, polis bu addımı atacaq. Bunlar fikirləşirlər ki, Bidzina Qriqoriyeviç İvanaşvili Rusiyameyilli bir siyasətçi olmasını gizlədib və xalq bilməyərəkdən onu seçib. Eə bilirlər ki, var gücləri ilə bağırmaqla xalq qalxıb ondan üz döndərəcək və onu devirəcək. Amma kökündan yanılırlar, xalq İvanaşvilini ona gorə müdafiə edib və ona səs verib ki, onun Rusiya yönlü bir siyasətçi olmasını görüb. Xalq 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı, Qərbin tutduğu mövqedən, eləcə də sonrakı illərdə Qərbin verdiyi dəstəkdən çox narazı qalıb. İndi də Ukraynada baş verənləri görürlər və bilirlər ki, Qərb çox dişsizdi. Ona görə də məhz elə bir siyasətçiyə, elə bir siyasi kursa səs verirlər ki, o Rusiya ilə müəyyən mənada anlaşıb sabit həyatı təmin edə bilsin.
- Suriyadakı dövlət çevrilişinin ardınca nə baş verir? Proseslər hara aparır?
- Sözssüz ki, Suriyada demokratik cəmiyyət qurmaq mümkün deyil. Amma mən hesab edirəm ki, Bəşər Əsədin devrilməsi müsbət bir hadisə idi. Ona görə ki, o, insanlıq əleyhinə ağır cinayətlər törətmiş bir qatildir və Türkiyənin əleyhinə olan bir hakimiyyət idi. İndi qardaş Türkəyədə təqribən 4 milyon suriyalı var. O insanlar geri qayıdacaq və Türkiyə daxilində gərginliyi xeyli dərəcədə azaldacaq. Mövcud durumda Suriyanın taleyi böyük dövlətlərin öz aralarında nə dərəcədə anlaşa bilməsindən çox asılıdır; burda söhbət əsas Amerika Birləşmiş Ştatlarından, region dövləti kimi Suriya ilə sərhəddə yerləşən İsraildən, Türkiyədən gedir. İndi Rusiyanın orda qalıb-qalmaması məsələsi də müzakirə olunur. Mən hesab edirəm ki, heç hazırda Amerika da Rusiyanın oradan getməsini istəmir. Ona görə ki, Rusiya Suriyadan çıxsa, gərək Amerika da Suriyadan çıxsın. Amma mən düşünmürəm ki, Amerika bu dəqiqə ordan çıxmaq istəyir. Ümumiyyətlə, Suriyanın ərazi bütövlüyünü və bir unitar dövlət modelini bərpa etmək çətin olacaq. Ordakı proseslərin hara aparıb çıxarmasını zaman göstərəcək. Hər halda ümid edək ki, orda bir avtoritar rejim olsun və sabitlik təmin olunsun, orda bir inkişaf prossesi başlasın, Qərb də kömək etsin ki, ora investisiya qoysunlar. Ölkə vətəndaş müharibəsindən xeyli dərəcədə, belə deyək, üzülüb, zəif düşüb və darmadağın olub. Prezident də bəyan etdi ki, ordakı insanlara humanitar yardım göstərilə bilər. Hesab edirəm ki, bu da təqdir olunmalıdır. Biz orda da qardaş Türkiyə ilə eyni mövqedən çıxış etməliyik. Qardaş Türkiyə orda əsas oyunçulardan biridir və ona dəstək olmalıyıq.
- Hər iki bölgədə baş verənlərin Azərbaycana təsiri nə dərəcədə ola bilər?
- Əlbəttə, Suriya Türkiyə ilə, Türkiyə isə Azərbaycanla sərhəddir. Yəni, biz region dövlətiyik. Gürcüstan isə birbaşa qonşumuzdur. Biz hər iki ölkədə proseslərin təkamül yolu ilə inkişafının tərəfdarıyıq. Orada sabitlik, əminamanlıq, tərəqqi, inkişaf olsun, nə Suriyada, nə də Gürcüstanda vətəndaş qarşıdürması olmasın; bizim istədiyimiz budur. Ümid eləyək ki, tezliklə hər iki ölkədə sabitlik bərqərar olsun. Suriyada da sabitliyin yaradılması üçün oradakı yeni hakimiyyət digər silahlı qrupları tərkisilah etməlidir. Bu xeyli dərəcədə çətin olacaq, amma bunu da etmədən orda sabitliyi bərqərar etmək çox çətindir.
- Azərbaycanın Ermənistanla sülh danışıqları ilə bağlı durumunu necə dəyərləndirirsiniz?
- Hal-hazırda sülh sazişinin imzalanması çətin görünür, ona görə ki, regiona böyük təsiri olan Rusiyanı Ermənistan iqnor edir, yəni çağırışlarına tamamilə etinasız yanaşır, üçtərəfli sazişdən doğan öhdəliklərini yerinə yetirmir, Qərbi bölgəyə gətirmək istəyir və bu sözssüz ki, Rusiyanı qıcıqlandırır, Azərbaycan da, İran da bunun əleyhinədir. Bu münaqişə tərəflərin öz aralarında həll olunmalıdır və regiondan kənar güclər bura gəlməməlidir. Ermənistan isə bütün bunların tam əksini edir və həm də sözün doğrusu, Ukraynada müharibənin sonunu gözləyir. Bunlar ümidlidilər ki, Rusiya Ukraynada məğlub olacaq və bundan sonra Qərb Rusiyanın yeni hakimiyyətini məcbur edəcək ki, birinci Qarabağ savaşında olduğu kimi, Ermənistana dəstək olun və Qərbin özünün köməyi ilə - birinci Qarabağ savaşında da qərb bizə sanksiya tətbiq etdi və Ermənistana dəstək verdilər - yenidən bir revanş götürəcək, yenidən bizim torpaqları işğal edəcək; onların istədiyi budur. Ona görə də sülh danışıqlarını uzadırlar. Məhz bu səbəbdən də mən yaxın vaxtlarda barışıq imzalanmasını gözləmirəm. Ermənistan yenə də birinci Qarabağ savaşından sonrakı dövrdə olduğu kimi, hesablamasında böyük səhvə yol verir və tezliklə bunun ağrı-acılarını yaşayacaq. Bu millət heç vaxt öz xalqının maraqlarından yox, öndə gedənlərin, başqa xarici dövlətlərin maraqlarından çıxış edir. İndi də təqribən eyni vəziyyətdi və növbəti dəfə bunun dediyim kimi, acısını yaşayacaqlar.
- Ermənistan Qərbin təhriki ilə yenidən eskalasiya gedə bilərmi?
- Böyük hesabla gedə bilər, amma dediyim kimi, bu Ermənistana yaxşı heç nə vəd eləmir. Əlbəttə, uduzar, ona görə ki, Azərbaycanın güclü müttəfiqləri var. Türkyə ilə Şuşa bəyannaməsini və Rusiya ilə Moskva bəyannaməsini imzalayıb. Yəni bizim müttəfiq münasibətlərimiz var. Ona görə də Azərbaycan iqtisadi və hərbi baxımdan cənubi Qafqazın ən güclü dövlətidir. Müharibə olarsa - indi Ermənistan həm Hindistan, həm Fransa, həm də başqa qərb ölkələrindən silah alır, amma o silahlar Ermənistana kömək edə bilməyəcək - Azərbaycanın cavab zərbələri qarşısında davam gətirməyəcək, dağılıb daha da viran olacaq. Bu millət çox təəssüf ki, ağıllanmır.
- Artıq yeni 2025-ci ilin astanasındayıq. Sizcə bir neçə gündən sonra arxada qoyacağımız 2024-cü ili uğurlu il hesab etmək olarmı?
- 2024-cü ili hər bir halda xalqımız üçün uğurlu hesab edirəm. Əlbəttə, biz çox istərdik ki, həm də Ermənistanla sülh sazişi imzalandığı il olsun, çox təəssüf ki, bu olmadı. Lakin buna baxmayaraq 2024-cü ili ölkəmiz sabitlik və əminananlıq şəraitində başa vurdu. Azərbaycanda çox böyük beynəlxalq COP-29 tədbiri uğurla keçirildi və uğurlu nəticələr əldə olundu. Düzdür, 2024-cü ili həm də Qərblə münasibətlərimizdə müəyyən gərginliyin yaşandığı bir il hesab edə bilərik, amma ümid edirəm, qarşıdan gələn 2025-ci il islahatlar ili, Azərbaycanın daha böyük uğurlara imza atdığı il olacaq. Ümid edirəm ki, Çin təqvimi ilə yaşıl ilan ili xalqımıza uğur və firavanlıq gətirəcək.
Atributinfo.az