Xeyrə-şərə YARAMAZLAR Siyasət

Xeyrə-şərə YARAMAZLAR

Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həmvətənlərimizin, eləcə də qardaş, dost ölkələrin vətəndaşlarının faciəli şəkildə həlak olmaları, təkcə biz azərbaycanlıları və düşüncəsi, qəlbi Vətəninə bağlı olanları deyil, insanlıq və mərhəmət hissini, vicdanını itirməyən hər kəsi sarsıtdı, ruhunu titrətdi... AzərbayCAN, bütün ağır, çətin anlarda, günlərdə olduğu kimi bir bədəndə CAN oldu, içində insanlıq duyğusunu qətlə yetirməyən hər kəs bu faciədə həlak olan insanlara yas tutdu, matəm saxladı. Dövlət də, Millət də həmçinin... Bu ağır xəbəri təyyarədə alan dövlətimizin başçısı dərhal ölkəyə qayıtdı, qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirdi, tapşırıqlar verdi, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyasının yaradılması, ölkədə bir günlük matəm elan olunması ilə bağlı sərəncamlar imzaladı…

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti ayrı-ayrılıqda və birlikdə bəyanat yaydılar, vətəndaşı olduqları dövlətlə, mənsib olduqları xalqla birlikdə olduqlarını nümayiş etdirdilər. Amma yenə də xalqın xoş günündə xoşhal, hüznlü anlarında dərdinə şərik olmağı bacarmayanlar millətə qoşulub MİLLİ ola bilmədilər, kökləndikləri qütbə milləndilər, lilləndilər və daxillərindəki bütün çirkabı üzə vurdular… Yenə iki partiya – “AXCP”-nin quru “yurd”unda qalanların, eləcə də mənimsədikləri ideyaya qənim kəsilərək, təsanüdçülükdən – milli birlikdən üz döndərənlərin başbilənləri, savaşda, zəfərdə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında olduğu kimi ölkənin digər partiyaları ilə həmrəylik nümayiş etdirməkdən yayındılar, qaçdılar, fərari xislətləri növbəti dəfə özünü büruzə verdi…

Yəqin ki, bu yazını oxuyan hər kəsi ölkədə fəaliyyət göstərən 24 siyasi partiyanın imzaladığı, ikisinin isə heç bir tutarlı, əsaslı səbəb gətirə bilmədən qol qoymadığı birgə bəyanatda nələrin vurğulandığı maraqlandırır. Bəyantın bir hissəsi yazının birinci abzasında əks olunub. Digər hissəsini isə oxuyun və özünüz nəticə çıxarın:

“Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.

Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq”.

Mətn və mənzərə göz qabağındadır. Belə anlaşılır ki, AXC və Müsavat partiyalarının siyasi idarəçiləri təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləmək, ailələrinə və yaxınlarına başsağlığı vermək, xəsarət alanların tezliklə şəfa tapmasını arzulamaq istəmirlər... Əslində bir ovuc siyasi manipulyator və nüfuz müvəkkillərinin həmrəy ola bilmədikləri başılca məqamlar bəyanatın sonluğunda yer alan və birbaşa hədəfə ünvanlanan ifadələrdir. Çünki bu hadisəni siyasi spekulyasiya predmetinə çevirmək niyyəti güdən, virtual dezinformasiya şəbəkəsini yönləndirməklə ictimai rəyi çaşdırmaq istəyən onlardır. Və özləri də bunu çox yaxşı bilirlər. Təbii ki, özlərini layiq olduqları adla və mənə görə, birgə bəyanatda çox yumşaq ifadə olunan SİYASİ SPEKULYANT çağırmayacaqlar ki...

Bu siyasi spekulyantların, ideoloji və milli dönüklərin ölkədəki və ölkədən kənarda sızmış antimilli toplusunda, çeşidli maraqları ifadə edən hibrid “almanax”ında yer alan riyakarlıq və xəyanətkarlıq hekayələrinin “baş qəhrəmanları”, ənənəvi nüfuz müvəkkilləri – Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymir Həzi, Gültəkin Hacıbəyli, Qənimət Zahid, İsa Qəmbər, Arif Hacılı, Sevinc Osmanqızı və bu zümrədən olan digərləri dünya enerji bazarında baş verən böhran səbəbindən Azərbaycan neftinin qiyməti ucuzlaşanda da “ay can-ay can” deyib çəpik çalırdılar. Amma bircə dəfə də olsun Vətənin acısını, dərdini sinələrinə çəkib “CAN” dediklərinin şahidi olmadıq. Yanımızda yox, qarşımızda dayandılar – düşmənlə birlikdə! Bu xeyrə-şərə YARAMAZ cütlüyün Tovuz döyüşlərindən sonra sərgilədiyi nankör, utancverici davranışlar, yəqin ki, hər kəsin yadındadır.

44 günlük Vətən savaşında, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror əməliyyatları zamanı, Ali Baş Komandanın və ordumuzun xalqımızın, dövlətçiliyimizin, tariximizin Cənubi Qafqazdan silinməsinə hesablanan yüzillik təxribat ssenarilərini pozmasından sonra üzərimizə yürüyən total şər-böhtan, amansız təhdid və təzyiq kompaniyalarına qarşı misli görünməmiş mücadilə apardığımız müddət ərzində bu Vətən və insanlıq sevgisindən sapıqlar bizə qarşı olanların cərgəsində yer almışdılar. Bu xalqdan, bu millətdən və bu dövlətdən olmadıqlarını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırdılar. Və yenə də çıxmaqdadırlar, nə dəri qalıb, nə də qabıq. Baxmaq belə ikrah doğurur.

...Qəzanın səbəbləri araşdırılır və şübhə etmirəm ki, bütün təfərrüatlar gün işığına çıxacaq. Lakin ortalıqda özünü sivil bəşəriyyətin ayrılmaz bir parçası hesab edən hər kəsin ürəyini sızladan faciə var. Bununla yanaşı, qəzaya uğrayan təyyarənin insanların xilası üçün özlərini ölümün ağuşuna atan uçuş heyəti üzvlərinin misli görünməmiş fədakarlığı da göz önündədir. Qəribə və parodoksal bir mənzərə yaranır: Bir yanda başqalarının xilası üçün ölümün gözünə dik baxanların qəhrəmanlığı, digər yanda isə insan faciələrindən siyasi xalq qazanmaq istəyənlərin simasızlığı...

Tarix qəhrəmanları YAŞADIR, riyakarları, simasızları, dönükləri yox!

Amma simasızlar, xalqına, Vətəninə, dövlətinə, mənsub olduqları millətin dəyərlərinə dönük çıxanlar da unudulmurlar - lənətlənirlər. Herostrat kimi....

P.S. Hələ miladdan öncə 356-cı ildə Efes sakini Herostrat şöhrət qazanmaq və tarixdə qalmaq üçün Artemida məbədini yandırmışdı. Herostrat cəzasını aldı… Hətta onun unudulmasıyla bağlı xüsusi sərəncam da verildi. Onillər boyu carçılar Yunanıstanı qarış-qarış gəzərək «şöhrətpərəstliyi ucbatından ilahə Artimedanın məbədini yandıran Herostratı xatırlamağa cəsarət etməyin» desələr də, Herostrat unudulmadı. Beləliklə Herostrat öz “istəyinə” nail oldu, arzuladığı əbədi “şöhrəti” qazandı. Amma bu rüsvayçı şöhrət oldu…

Elçin Mirzəbəyli