Bu tarixi hadisə də İlham Əliyevin dövlət xadimi kimi aktivinə yazılmalıdır Siyasət

Bu tarixi hadisə də İlham Əliyevin dövlət xadimi kimi aktivinə yazılmalıdır

Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və son olaraq Qazax istiqamətində 4 kəndin qaytarılması Azərbaycan dövlətinin və xalqının iki yüz illik torpaq itirmək uğursuzluğunun sonu oldu.
Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, xalq və dövlət vahid güc şəklində dəmir yumruq kimi işğalçı düşmənlərin başına güclü zərbələr endirdi.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev bu birliyin aparıcı qüvvəsi oldu. Müharibənin gedişində və sonrakı proseslərdə onun qətiyyətli mövqeyi qələbənin böyük ölçüdə əsasını qoydu: "Xüsusilə Qazaxın 4 kəndinin qaytarılması prosesi İlham Əliyev cənablarının Ermənistana ciddi şəkildə təzyiqinin və xəbərdarlığının fonunda baş verdi.
Ermənistan rəhbəri Paşinyan kəndlərin geri qaytarılmasından başqa yolunun olmadığını gördükdən sonra məcburiyyət qarşısında qalıb buna razı oldu.
Əks halda Azərbaycan ordusu hazır vəziyyətə gətirilmişdi ki, torpaqları azad etsin. Məhz Cənab Prezidentin qəti iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi. Bu, heç də N.Paşinyanın xoş niyyəti nəticəsində olmayıb".

Bu tarixi hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimi kimi aktivinə yazılmalıdır. Çünki məhz Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə, Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi.

Cavid