İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, prezidentin mətbuata son açıqlamasından sonra Qroznı üzərində vurulan təyyyarəmizin qəsdən və ya ehtiyatsızlıqdan vurulması məsələsi ilə spekulyasiya etmək istəyənlər var. Bu məsələyə münasibətinizi bilmək istərdik...
– Prezident son müsahibəsində deyir ki, təyyarə Rusiya tərəfindən vurulub. Lakin bunun qəsdən etdiyini demir. Bu fikri kontekstdən çıxarıb və bununla manipulyasiya etmək yaramazlıqdır. Çıxışa tam qulaq asanda hər şey aydındır. Prezident çox prinsipial mövqe ortaya qoyur. O əminliklə deyir ki, təyyarə Rusiya tərərfindən vurulub. Amma o təyyarənin qəsdən vurulmasına əmin deyil. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan və kimlər tərəfindən vurulmasını istintaq müəyyənləşdirməlidir. Prezident də bunu deyir. Prezident Putinə inandığını mətubata əvvəllər də açıqlayıb. Qəsdən törədilən hər bir cinayətin motiv və məqsədi olur. Rusiya prezidentinin, xüsusilə Rusiyanın indiki vəziyyətində, belə bir ağır cinayətin törədilməsinə razılıq verməsi ağlabatan deyil. Mən də bu cinayətin Putin tərəfindən sanksiyalaşdırılmasına inanmıram. Əksinə, düşünürəm ki, bu cinayət qəsdən törədilibsə, deməli Putinə qarşı təşkil olunmuş təxribatdır. Rusiyada ordu daxilində iqtidar Ukrayna savaşının dayandırılmasını istəyən qüvvələr var, lakin onlar öz mövqelərini açıq bildirməyə çəkinirlər. Putinin mövqelərini zəiflətmək, onun ən yaxın qonşu ölkələrdən olan Azərbaycanla münasibətlərini korlamaq və ona olan beynəlxalq təzyiqləri artırmaq, yaxud hakimiyyət daxili çəkişmələrdə bir-birinin əleyhinə istifadə etmək üçün bu cinayəti qəsdən törədə bilərlər. Prezident təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə deyib, üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirsə, bu o deməkdir ki, onun əlində istintaqın ilkin nəticələri və kəşfiyyat məlumatları var. Həm də elə maddi sübutlar ortadadır ki, onlarsız belə, təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə istənilən şəxs deyə bilər. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan kimin tərəfindən vurulması, niyə enişə icazə verilməməsi və nə məqsədlə Aktauya yönəldilməsi isə istintaqla müəyyənləşdirilməlidir.
– Qüdrət bəy, bu iş üzrə ədalətin zəfər çalacağına və günahkarların cəzalandırılacağına inanırsınızmı?
– Allah böyükdür. Biz buna nail ola bilməsək də, Allah günahsız insanları ölümə məhkum edənləri və bunu ört-basdır etmək istəyənləri əhv etməyəcək. Azərbaycan dövlətinin günahkarların cəzalandırılması üçün gücü çatan və mümkün olan hər şeyi edəcəyinə inanıram.