Deputat: Prezident İlham Əliyev güzəştsiz milli mövqe sərgiləyir Siyasət

Deputat: Prezident İlham Əliyev güzəştsiz milli mövqe sərgiləyir

Azərbaycan Prezidenti İlham Əliyev güzəştsiz milli mövqe sərgiləyir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat deyib ki, dövlət başçısının noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, dekabrın 18-də Kiselyova verdiyi müsahibə, dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı sərgilədiyi qətiyyət dövlət başçısının Azərbaycanın mövqeyini və maraqlarını prinsipiallıqla müdafiə etməsinin bariz nümunəsidir: “Prezident İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Bunu sübut etmək üçün elə son il Azərbaycanın ev sahibliyi etdiyi və böyük çətinliklər, təhdidlər qarşısında uğurla reallaşdırdığı COP29 kimi mötəbər tədbiri qeyd eləmək kifayətdir. Buna baxmayaraq, hər hansı milli təhlükə, təhdid anında Prezident İlham Əliyevin mövqeyi tamam sərt şəkil alır. Qətiyyətli, hökmlü, azad, prinsipial! Hər çıxış və müsahibəsində İlham Əliyev Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnun olduğunu vurğulayır. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Elnarə Akimova qeyd edib ki, bu gün Prezident İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir: “Azərbaycan Prezidenti bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Azərbaycanın mənafeyini uca tutur və bütün siyasi-ictimai aşamalardan zədəsiz keçirir. Prezidentin bu gün yürütdüyü siyasətin əsasında 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar dayanır. Bu reallığı dövlət başçısı özü yaradıb. İsrarlı şəkildə, ölkəsinin milli mənafeyinin, suverenliyin qorunmasında istənilən müdaxilələri minimuma endirməyi bacarır. Bu gün bir çox dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibə və çıxışlarında dönə-dönə qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan dövlətlərə sərf eləmir. Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib: “Onun müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağının əsas qayəsi elə buradan qaynaqlanır. İlham Əliyev göstərir ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə, digər xalqlara, dövlətlərə də rəqib və ya istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-hallarına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. İlham Əliyevin son müsahibə və çıxışlarında ehtiva etdiyi amillər - dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili onun ehtiva etdiyi ən ali dəyər, mənəvi-əxlaqi keyfiyyətlər məcmusu kimi müstəsnadır. Prezident İlham Əliyev bütün cəbhələrdən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərir. Xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Məsələn, elə son faktlardan biri, Prezident İlham Əliyevin təyyarə qəzasından bir neçə gün sonra AZ TV-yə verdiyi müsahibə qəzanın təfərrüatlarının araşdırılması ilə bağlı göstərdiyi prinsipiallıq və dürütlük dediklərimizə sübutdur. Həm göstərir ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığa, etimada əsaslanan siyasət qurur və inkişaf etdirir. Eyni zamanda, sübut edir ki, heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və yolundan döndərə bilməz. Belə bir diplomatik səriştə, meyarlarına sadiqlik bu gün İlham Əliyevin varislik haqqına tapınaraq ehtiva etdiyi ən böyük dəyər olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir. Gündəngünə yeniləşən, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən Azərbaycanın obrazı İlham Əliyevin müdrik zəkasında həm də milli mənafenin, ölkə suverenliyi və maraqlarının hər şeydən uca tutulmasının qayəyə çevrilməsi ilə yeni status və nüfuz qazanır”.