Deputat: Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla sülh şəraitində yaşamaqdır Siyasət

Deputat: Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla sülh şəraitində yaşamaqdır

Prezident İlham Əliyevin daim Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etməsi, prinsipiallıq nümayiş etdirməsi bütün dünyaya əyan edir ki, Azərbaycan tam suverenlik prinsipinə əsaslanan siyasət yürüdür.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat deyib ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə hərəkət etmir: “Biz Cənubi Qafqazda yeni reallıqlar yaradan, sülhü bərqərar etməkdə maraqlı olan və beynəlxalq nüfuzu yüksək bir dövlətə çevrilmişik. Odur ki, Azərbaycan üçün artıq kənar qüvvələrinin qarayaxma kampaniyası sadəcə, boş cəfəngiyyatdır. 44 günlük Vətən müharibəsindən sonra bizə qarşı qurulan oyunu pozduq. Vaxt yetişdi və Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz beynəlxalq hüququ özü təmin etdi”.

Vüqar İskəndərov qeyd edib ki, dünya güclərinin məkrli planlarını alt üst etmək Azərbaycanı sevməyən qüvvələrin heç birinin ürəyincə olmadı: “Ona görə də hazırda Azərbaycan qarayaxma kampaniyaları ilə üzləşir. Əslində bizim heç bir dövlətin daxili işinə qarışmaq kimi niyyətimiz, yaxud da münasibət korlamaq istəyimiz yoxdur. Azərbaycan həmişə sülh tərəfdarı olub. Yürüdülən siyasətə əsasən demək olar ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığa, etimada əsaslanan siyasət qurur və inkişaf etdirir. Bunun qarşılığında isə biz görürük ki, Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Əksinə, Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdiyi kimi, Ermənistanı silahlandırmaqla sanki yenidən revanşizmin oyanmasına dəstək olur. Bu isə anlaşılan deyil. 2025-ci ildə biz hərbi büdcəmizi rekord həddə çatdırdıq. Bu da bir məcburiyyətdir. Çünki Qərbin Ermənistanı silahlandırması yenidən xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Ancaq bu gün Azərbaycan öz müstəqil yolu ilə gedir. Bu gün biz güclü iqtisadiyyatımızla işğaldan azad olunan torpaqlarımızı cənnətə çeviririk. Öz yolumuz, milli iradəmiz və İlham Əliyev kimi bir liderimiz var. Ermənistan isə hələ də anlamır ki, öz ölkəsinin inkişafı üçün yeganə yol Azərbaycanla sülh şəraitində yaşamaqdır. Başqa yol yoxdur. Bizim gücümüz də, Ordumuz da bundan sonra heç bir dövləti bizə qarşı hər hansı əks fikrə düşməyə qoymaz”.