"Müharibə caniləri Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməlidirlər" Siyasət
Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalif mövqeyə keçən və onu Qarabağı satmaqda ittiham edən “Erməni Milli Konqresi”nin rəhbəri Ter-Petrosyanın Albert İsakovun təqdim etdiyi videogörüntülərdəki etirafları Levon Ter-Petrosyanın gerçək mahiyyətini ortaya qoyur və onun Azərbaycan torpaqlarının işğal edilməsində, eləcə də Xocalı soyqırımının törədilməsində Robert Köçəryan və Serj Sərkisyan kimi müharibə caniləri ilə bilavasitə əlbir olduğunu təsdiqləyir.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
O, qeyd edib ki, Ter-Petrosyan sözügedən çıxışında azərbaycanlıların Ermənistandan qovulmasını erməni xalqı üçün "böyük uğur" hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır. Onun fikrincə, Ermənistan və Qarabağın azərbaycanlılardan tamamilə təmizlənməsi erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etməsi deməkdir: "Ağdamın işğal edildiyi gündə (23 iyul 1993-cü il) erməni terrorçuları və işğalçıları qarşısında çıxış edən Ermənistanın birinci prezidentinin bu etiraflarından bir daha bəlli olur ki, azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub. Ter-Petrosyanın etirafları Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın "azərbaycanlılarla ermənilərin etnik zəmində uyuşmazlığı" barədə bədnam açıqlaması ilə və Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı ingiltərəli jurnalist Tomas de Vaala müsahibəsindəki etirafı ilə tamamilə üst-üstə düşür. Sərkisyan həmin müsahibəsində ermənilərin Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini az qala fəxr hissilə etiraf edib".
Ə.Hüseynov onu da vurğulayıb ki, bütün bunlar Levon Ter-Petrosyanın uzun illər ərzində özü haqqında böyük bir hiyləgərliklə formalaşdıra bildiyi "sülhsevər siyasətçi" imicini tarmar edir və onun gerçək bir ekstremist, müharibə baiskarı, soyqırım canilərindən biri olduğunu açıq şəkildə təsdiqləyir: "Biz bu ifşaedici videokadrların ictimailəşməsini yaxın keçmişimizə aid tarixi həqiqətlərin öz yerini tutması kimi qiymətləndiririk. Ter-Petrosyanın etirafları onun özünün də, xələflərinin də Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılması məsələsini aktuallaşdırır".
Cavid