“Onlar hərbi və iqtisadi gücə malik olmaq istəyirlər” Siyasət

“Onlar hərbi və iqtisadi gücə malik olmaq istəyirlər”

“Suriyanın yeni hökuməti PKK terrorçularından silahı yerə qoymağı tələb edib. Onlar isə bunun müqabilində ordunun tərkibində diviziya və korpus şəklində hərbi birlik və Suriyadakı neft yataqlarının 50 faizini istəyib. Bütün bu tələblər göstərir ki, onlar Suriyadakı kürd azlığının mövqelərini, hüquqlarını qorumaq adı altında hərbi və iqtisadi gücə malik olmaq istəyirlər”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.
İ.İsmayıl əlavə edib ki, bu gücə malik olmaq isə Suriya hakimiyyətinə şərik olmaq deməkdir: “Ona görə də bunun qəbul olunması mümkün deyil. Təsəvvür edin ki, onlar neft ehtiyatlarının 50 faizini istəyirlər. Yəni onların həm hərbi, həm iqtisadi gücə malik olması Suriyanın parçalanması deməkdir. Ona görə də bu, qəbul olunan deyil”.
Onun sözlərinə görə, bu, bir daha göstərir ki, PKK qlobal güclərin əlində bir alətdir, eyni zamanda, PKK-nı milli mənafeyindən daha çox, hərbi və iqtisadi güc, maddi məsələlər, hakimiyyət düşündürür: “Ona görə də bu, qəbul olmayacaq. Hesab edirəm ki, həm Türkiyənin, həm də Suriyanın yeni hökumətinin təzyiqi ilə bu tələblərin heç biri baş tutmayacaq. Əgər savaş çıxarsa, PKK-nın oradakı törəmələri YPG, PYD məğlub olacaq. Hesab edirəm ki, ABŞ-də Tramp səlahiyyətlərinin icrasına başlayanda məslələlər öz həllini tapacaq”.

Röya İsrafilova