“Bu siyasət cəmiyyətin müxtəlif təbəqələrinin rifahını təmin etməyə yönəlib” Siyasət
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial siyasət sahəsində bir sıra mühüm islahatlar həyata keçirilib. Bu islahatlar əhalinin rifahının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması məqsədini daşıyır. Bəli, dövlət başçısının rəhbərliyi altında aparılan siyasi kursun təməlində Azərbaycan vətəndaşı dayanır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib.
Deputat vurğulayıb ki, dövlət başçımız mütəmadi olaraq sərəncamlar imzlamaqla əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair tədbirləri davam etdirir: “Belə ki, 2018-ci ildən bu günə qədər dövlət başçımızın sərəncamları ilə 4 sosial paket icra olunmuş, 5-ci sosial paketin isə yanvardan 1-dən icrasına başlanıb. Son 6 ildə ölkəmizin dövlət büdcəsində sosial yönümlü xərclər 2,2 dəfə artırılaraq 7,8 milyard manatdan 16,9 milyard manata çatdırılıb. 2019-ci ildən bu günə qədər minimum əməkhaqqı 5 dəfə artırılaraq 110 manatdan 400 manata, minimum pensiya 110 manatdan 320 manata çatdırılıb”.
A.Badamov həmçinin bildirib ki, son 5 ildə imzalanmış 4 sosial paketin maliyyə yükü 6,8 milyard manat olmaqla minimum əməkhaqqı 2,7 dəfə, minimum aylıq pensiya 2,5 dəfə, orta aylıq əməkhaqqında 65,3%, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib: “2018-2024-cü illərdə icra olunan 4 sosial paket 4 milyondan çox vətəndaşımızın sosial rifahının yaxşılaşmasına xidmət edib. 2025-ci ildən icra olunmağa başlanmış 5-ci sosial paketin əhatə dairəsi 3 milyon insan olmaqla 1,4 milyard manat dövlət büdcəsində əlavə maliyyə yükü yaradır. Beləliklə, cari ildə minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya 280 manatdan 320 manata, vahid tarif cədvəli üzrə əməkhaqqları 16%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqqları 15% artırılıb. O cümlədən bütün pensiyalar indeksləşdirilir, təqaüdlər və müavinətlər artırılır”.
Deputat həmçinin son 5 ildə ancaq sosial islahat paketləri üzrə ayrılan illik vəsaitin həcminin 7,6 milyard manata çatdığını qeyd edib: “Yaşa görə orta aylıq pensiya isə 2018-ci ildə 233 manat idisə, 2025-ci ildə 571 manata çatıb. Həm də əmək bazarının genişləndirilməsi, işsizliyin aradan qaldırılması ilə bağlı müxtəlif dövlət proqramları icra olunur. Belə ki, yüz minlərlə insan ictimai iş yerlərinə və özünəməşğulluq proqramlarına cəlb olunmaqla işlə təmin olunub. Son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə keçirilən sosial-iqtisadi tədbirlər sayəsində 2 milyondan çox yeni iş yerləri yaradılmaqla işsizlik 49%-dən 5,5 %-ə enib. Ümumilikdə, Prezident İlham Əliyevin sosial siyasəti davamlıdır, Azərbaycanın sosial rifahını və iqtisadi inkişafını gücləndirməyə xidmət edir. Bu siyasət cəmiyyətin müxtəlif təbəqələrinin rifahını təmin etməyə yönəlib”.
Röya İsrafilova