“Vətəndaşlarımızın rifahının prioritet olması dövlət siyasətinin mahiyyətindən xəbər verir” Siyasət
“2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı, əmək pensiyasının minimum məbləği, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı verilən sərəncamlar xalqımızın sosial rifahının yaxşılaşdırılması üçün imzalanıb. Azərbaycan dinamik inkişafını təmin edən ölkədir. Bu, beynəlxalq hesabatlarda da qeyd olunub. Böyük Zəfərə imza atan, Azərbaycanı dünya ölkələri sırasında önəmli zirvələrə daşıyan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşdırılmasına hesablanıb. Son 6 ildə qəbul edilən və həyata keçirilən sosial islahatlar bəhrəsini verməkdədir. Minimum pensiyanın 2,5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət və təqaüdlərin 5 dəfəyə qədər artırılması bu siyasətin səmərəliliyindən xəbər verir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat Azərbaycanda həyata keçirilən sosial siyasət barəsində danışarkən 2018-ci ildən başlayaraq həyata keçirilən sosial islahat paketlərinə 2025-ci ilin əvvəlindən beşinci paketin reallaşdırılmasının da əlavə olunduğunu qeyd edib: “Bununla bağlı dövlət başçısı 2024-cü il 23 dekabr tarixli Sərəncam imzaladı. Bu sənədə əsasən, 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqı 345 manatdan (16 faiz artırılaraq) 400 manata, gələn ayın 1-dən isə minimum pensiyanın məbləği 280 manatdan (14,3 faiz artımla) 320 manata çatdırılacaq. Buradan belə nəticəyə gələ bilərik ki, 2018-ci ildən indiyədək minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda, 2018-2024-cü illər ərzində müavinət və təqaüd ödənişləri də 5 dəfə artırılıb. Bu artım dinamikası 2025-ci ildə də davam etdiriləcək”.
A.Hüseynov vurğulayıb ki, bu il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılıb: “Azərbaycanın həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgilədiyini Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də geniş şəkildə bildirdi. Qarabağda aparılan böyük ölçülü yenidənqurma işlərinin olmasına baxmayaraq ölkə vətəndaşlarının rifahının prioritet olması dövlət siyasətinin mahiyyətindən xəbər verir. Son illər ərzində dörd sosial paketin həyata keçirilməsinə 7 milyard manatdan çox vəsaitin xərclənməsi də deyilənlərə sübutdur. Qətiyyətlə demək olar ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar vətəndaşların sosial təminatını yaxşılaşdırmağa yönəlib”.
Röya İsrafilova