Qərbin “Türk axını”na qarşı məkrli planı - baş tutacaqmı... Siyasət
Qərbin iqtisadi, xüsusi ilə enerji daşıyıcıları ilə bağlı yalnız öz maraqlarına xidmət edən layihələri inkişaf etdirmək, digərləri isə sıradan çıxarmaq planlarının mövcudluğu sirr deyil. Bu kontekstdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilginc açıqlama verib. O iddia edib ki, ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir.
XİN başçısı Amerikanı enerji infrastrukturuna qarşı terror hücumlarına “yaşıl işıq” yandırmaqda, Şimal Axınının ardınca “Türk axını”nını sıradan çıxarmaq cəhdində ittiham edib.
Lavrovun dediklərində həqiqət payı nə qədərdir? ABŞ “Türk axını”nı sıradan çıxara bilərmi?
Vüqar İsgəndərov
Deputat Vüqar İsgəndərov Lavrovun dediklərində dolayısı ilə həqiqət payı görür: “Təəssüflər olsun ki, hər zaman insan haqlarından, sülhdən, inkişafdan bəhs edən Qərb reallıqda bunun əksini edir. Daha doğrusu, başda ABŞ olmaqla, bəzi Qərb ölkələri və bəlli mərkəzlər müstəqil siyasət yürüdən dövlətlərə çeşidli təzyiq siyasəti həyata keçirir, bu zaman hətta təxribatlardan və hərbi müdaxilələrdən də istifadə edirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlama da bu baxımdan düşündürücüdür.
Bu kifayət qədər ciddi bir iddiadır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Qərb öz maraqlarının təmini üçün bütün yollara əl atır. Bu istiqamətdə təxribatlar da istisna deyil. Bu kontekstdə Rusiyanın xarici işlər nazirinin məlum iddiası düşündürücü olmaqla yanaşı, gözlənilən təxribatlara hazırlıqlı olmaq üçün bir çağırış kimi də dəyərləndirilə bilər".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov burada dezinformasiya ola biləcəyini vurğuladı. Ekspert Avropa ölkələrini Ukraynaya qarşı qaldırmaq planlarını da ehtimal edir: “Məlumdur ki, "Türk axını" dedikdə Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə qədər uzanan qaz kəməri nəzərdə tutulur. Bu kəmər təkcə Rusiya üçün deyil, həm də Türkiyənin mühüm qaz mərkəzinə çevrilməsi baxımından olduqca əhəmiyyətli layihədir. Belə ki, bu boru xəttinin ümumi tutumu ildə 31.5 milyard kub metr qaz ötürməyə imkan verir. Rusiyanın xarici işlər nazirinin bir müddət əvvəl ABŞ-ın “Türk axını”nı məhv etmək planlarının olmasını deməsi təbii ki, narahatlıq doğurur. Bu iddianın nə qədər gerçək olduğunu demək çətin olsa da, belə bir ehtimal hər zaman var. Ucuz rus qazına Avropada olan tələbat əvvəlki qədər olmasa da, hələ də öz aktuallığını saxlayır. Ukrayna ərazisindən keçən boru xətti ilə bağlı Ukrayna tərəfindən müqavilənin uzadılmasından imtina edilməsi onsuz da bir sıra Avropa İttifaqı ölkələrini çətin duruma salıb. İndi “Türk axını”na qarşı baş verə biləcək istənilən hücum daha ağır enerji çatışmazlığına səbəb ola bilər.
Qazanan isə təbii olaraq ABŞ olacaq. Təkcə ona görə yox ki, bu Rusiya qazının bazara çıxarılmasının qarşısını almaqla Rusiyanı maliyyə problemləri ilə üzləşdirəcək, həm də ona görə ki, ABŞ Rusiya qazı əvəzinə öz qazını baha qiymətə ehtiyacı olanlara satmaq imkanı əldə edəcək.
Əgər Ukrayna tərəfindən “Türk axını”nı hədəf alan əməliyyatlar olacaqsa, bu, Avropaya qaz tranziti üçün təhlükəli vəziyyəti meydana gətirməklə yanaşı, Türkiyənin maraqlarına da zərbə vurmuş olacaq.
Nə olacağını qarşıda aydın görəcəyik. Bu məlumat Rusiya tərəfindən dezinformasiya məqsədilə ötürülmüş və Avropanın ayrı-ayrı ölkələrini Ukraynaya qarşı qaldırmağa hesablanmış məlumat da ola bilər. Və ya belə bir ehtimalın dəqiq olduğunu bildiyi üçün Rusiya həm Türkiyəyə, həm də rus qazına ehtiyacı olan Avropa ölkələrinə Ukraynaya təzyiq göstərməsi və boru kəmərinə hücumu həyata keçirməməsi üçün təzyiq göstərməyə çağırış kimi də qəbul oluna bilər".
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə Rusiyanın XİN başçısını haqlı sayır: “Uzun müddətdir ki, həm Qərb, həm də Amerika Türk dövlətlərinə və türk millətinə qarşı bütün gücü ilə fəaliyyət göstərir. Qardaş Türkiyə dövlətinin qüdrətli, inkişaf etmiş və regionda böyük nüfuza malik olmasını nə arzulayırlar, nə də görmək istəyirlər. Amerika Türkiyənin rəhbərliyində hörmətli Ərdoğan kimi xarizmatik bir lideri qəbul etmək istəmir. Amerikaya sözə qulaq asan, Qərbin və ABŞ-ın bütün göstəriş və tapşırıqlarını həyata keçirən Süleyman Dəmirəl kimi Türkiyəyə rəhbərlik edən şəxs lazımdır. Bu gün ABŞ Türkiyəyə həm də ona görə acıqlıdır ki, Rusiya ilə Türkiyənin çox yaxın münasibətləri qurulub, formalaşıb. Amerikanın və Avropanın sanksiyalarına, o cümlədən ən ağır iqtisadi blokadaya aldığı Rusiya ilə Türkiyənin hərtərəfli əlaqələri qurulub. Türkiyə və Azərbaycan Rusiya üçün olduqca əhəmiyyətli dövlətlərdir. Qərb hər zaman öz enerji daşıyıcılarını yalnız öz maraqlarından çıxış edərək həyata keçirib. Türkiyənin enerji daşıyıcıları ilə bağlı fəaliyyətini hər imkanla çalışır ki, sıradan çıxartsın. Bu baxımdan Rusiyanın xarici işlər naziri Lavrov haqlıdır. ABŞ "Türk axını" layihəsi ilə bağlı istənilən addımı atar ki, Türkiyəyə böyük ziyan vurmuş olsun. Bunun üçün istənilən terror aktı törədilə bilər. PKK və digər terror təşkilatlarını Türkiyəyə qarşı hansı güclər yaradıb? Kim bu təşkilatlara silah verir?! Təbii ki, Amerika! Səbəb hər kəsə bəllidir: daim Türkiyəni təzyiq altında saxlamaq. Ancaq Türkiyənin və türk xalqının əzmkarlığı nəticəsində Amerika istəklərinə nail ola bilmir. Əksinə, son illərdə regionda, Suriyada, Liviyada və digər ərazilərdə qardaş Türkiyənin nə qədər söz sahibi olduğunu bütün dünya görmüş oldu".