Səfir: ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcək üçün təməllər qoyub Siyasət

Səfir: ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcək üçün təməllər qoyub

Burada Birləşmiş Ştatları təmsil etmək mənim üçün bir şərəf və ömürlük imtiyaz olub. Vidalaşmaq heç vaxt asan deyil, lakin mən Azərbaycana qarşı dərin minnətdarlıq hissi və birgə səylərimizin gələcəyinə dair nikbinliklə buradan ayrılıram.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby vida mesajında bildirib.

"Nizami Gəncəvidən Ell və Nikkiyə, Vəcihə Səmədovadan Təvəkkül şefə, Zeynalabdin Tağıyevdən Azərbaycan Hava Yollarının 8243 nömrəli reysinin qəhrəman heyətinə kimi azərbaycanlılar, əfsanəvi igidlik, yaradıcılıq, dözümlülük, qonaqpərvərlik, dini müxtəliflik və dünyagörüşə sahib xalqdır. Danusia və mənim burada tanış olduğum hər bir azərbaycanlı belə möhtəşəm insanlarla ümumi irsi daşıyır. Ən çox isə Azərbaycan xalqı üçün darıxacağıq", - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, tarixi 30 il əvvələ dayanan Əsrin Müqaviləsindən keçənilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ - Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub: "Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik".