Türkiyəli ekspert: Zəngəzur dəhlizi onun açılmasından narahat olanların belə faydalana biləcəyi layihədir - ŞƏRH Siyasət

Türkiyəli ekspert: Zəngəzur dəhlizi onun açılmasından narahat olanların belə faydalana biləcəyi layihədir - ŞƏRH

"Zəngəzur dəhlizindən ilk olaraq təsirlənəcək ölkələr Türkiyə, Azərbaycan və Ermənistan olacaq. Bununla belə, dəhlizin birləşdirəcəyi regionlar nəzərə alındıqda onun İran, Rusiya, Çin, hətta Avropanın yaxından izlədiyi bir layihə olduğu aydın görünür".

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında türkiyəli siyasi ekspert, sosioloq, tarixçi İsmail Öz bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi beynəlxalq dəhliz statusunu daşıyacaq: “Həm dəmir, həm də avtomobil yolları kimi çox vacib əlaqə xətlərini təmin edəcək dəhliz Türkiyənin Türk Dünyası ilə, xüsusilə Azərbaycanla hər cür əlaqəsini inkişaf etdirməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan üçün də xüsusi önəmi ölkənin həm də transfer mərkəzinə çevrilməsidir. Çindən Avropaya uzanacaq xətt Bakı-Tbilisi-Qars üzərindən də bir çox əlaqə xətti yaradacaq”.

Ekspert qeyd edib ki, bu məqamda Ermənistan administrasiyasının da layihədə maraqlı olduğu görünür: “Bununla belə, nəzərə alınmalı fakt odur ki, Ermənistan müxalifəti hələ də bu reallığı qəbul etmir. Lakin bu dəhlizin açılmasını Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsi təsdiq edir. Bu, sözsüz ki, uzunmüddətli perspektivdə Ermənistanın da maraqlarına xidmət edəcək. Düşünürəm ki, dəhlizin açılmasından narahat olan ölkələrdən biri də İrandır. Suriyadakı son hadisələrdən sonra İran onsuz da müsbət yanaşmadığı bu layihəyə daha çox mane olmağa çalışacaq. İran Suriyadakı itkilərini burada kompensasiya etmək istəyə bilər. Bu kontekstdə Türkiyə və Azərbaycanın regional təsirlərinin daha da artmasının qarşısını almaq İranın üçün prioritet siyasi mövqe olacaq”.

İsmail Öz onu da bildirib ki, dəhlizin təhlükəsizliyinin təmin edilməsi üzərinə düşən Rusiya da bu məqamda Ermənistan hakimiyyətinin siyasətinə qarşı çıxır: “Rusiyanın Türkiyə ilə yaxın əlaqələri də bu baxımdan çox önəmlidir. Ukrayna müharibəsi səbəbindən çətin vəziyyətdə olan Rusiyanın Qərbə qapısı olan Türkiyənin Şərqə və Asiyaya müxtəlif yollarla çıxışının danılmaz əhəmiyyəti var. Türk Dövlətləri Təşkilatının prizmasından baxdıqda isə dəhlizin əhəmiyyəti çox fərqli bir ölçü qazanır. Bir çox aspektdə, xüsusən də iqtisadi, siyasi və mədəni sahədə körpülərin qurulması ciddi güc artımı yaradacaq. Bu amil yenidən bəzi region ölkələrini və Avropanı narahat edəcək. Hətta Rusiyanın da uzunmüddətli perspektivdə müəyyən narahatlıqları ola bilər. Bununla belə, Türkiyə və Azərbaycanın birgə iradəsi və təşəbbüsü ilə reallaşacaq bu dəhliz hər iki ölkənin xoş niyyətli səylərinin məhsulu olacaq. Zəngəzur dəhlizi onun açılmasından narahat olanların belə faydalana biləcəyi, bölgənin rifahını artıracaq, qardaşlığı gücləndirəcək dəhliz olacaq. İmperialistlərin mövqelərinə baxmayaraq, Zəngəzur dəhlizi hər şeydən əvvəl qardaşlıq və həmrəylik körpüsü, əlaqələri kəsilmiş qardaşlar arasında bağ olacaq”.