“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür” Siyasət

“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür”

“Mən düşünmürəm ki, Trampın Rusiya-Ukrayna müharibəsini dayandırması, sülhün bərqərar olunması asanlıqla həll edilən məsələ olsun. Çünki seçki öncəsi kampaniyada Donald Tramp demişdi ki, 24 saat ərzində bu müharibəni dayandıra bilər. O, sadəcə yardımları dayandıra bilər. Eyni zamanda, ABŞ NATO-nun üzvüdür. Yəni əgər bu müharibəni NATO başlayıbsa, NATO-Rusiya müharibəsi gedirsə, Ukraynadan bir vasitə kimi istifadə olunursa, bu sülh ancaq NATO-nun razılığı ilə əldə edilə bilər. Digər məsələ ABŞ Prezidenti D.Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşüdür. Yəni ancaq bu görüşdən sonra həmin məsələyə aydınlıq gətirilə bilər”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev əlavə edib ki, Rusiya və Ukraynanın bir-birinə hansı şərtləri irəli sürməsi və hansı şərtlərin ətrafında müharibənin dayandırılması məsələsi müzakirə edilə bilər: “Həm də bu, 1-2 günün işi deyil. Təxmini rəqəm kimi 100 gün hesablanır. Bu 100 gün ərzində əgər ABŞ və Rusiya arasında, eləcə də Ukrayna və NATO arasında danışıqlar gedərsə və digər maraqlı dövlətlərin danışıqlar prosesinə cəlb olunması baş tutarsa müəyyən bir nəticəyə gəlmək olar. Çünki ortada ərazi iddiaları, ərazi bütövlüyünü tanımaq var. Rusiyanın ələ keçirdiyi torpaqlar var. Eyni zamanda, Ukraynanın razılaşmadığı ərazilər var. Buna görə də əgər Tramp sadəcə olaraq elan edirsə ki, müharibəni dayandıracaq, bu zaman sadəcə atəşkəsə nail olmaq olar və bundan sonra hər bir tərəfin şərtlərini irəli sürməklə danışıqlar prosesinə başlamaq olar. Bu gün konkret olaraq Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür. Sadəcə olaraq əvvəldə qeyd etdiyim məsələlərin hamısı öz həllini tapmalıdır”.

Röya İsrafilova