Dövlətinə və millətinə bağlı siyasət adamı Siyasət

Dövlətinə və millətinə bağlı siyasət adamı

Yanvarın 29-da millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının (keçmiş adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) qurucusu və sədri Qüdrət Həsənquliyevin doğum günü, 60 illik yubileyidir.

Milli Azadlıq Hərəkatının fəallarından olmuş, tələbə hərəkatının üzvü kimi milli oyanışımızda, müstəqillik və suverenlik uğrunda mübarizədə daim ön sıralarda olmuş Qüdrət Həsənquliyevlə şəxsən tanışlığımızın tarixi üçüncü onilliyə çatmaq üzrədir. Bu müddətdə siyasətçi-jurnalist münasibətləri dostluğa çevrilib. Parlament fəaliyyətini işıqlandıran media mənsublarının əksəriyyəti mənim fikirlərimlə razılaşar. Təsadüfi deyil ki, Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən keçirilən sorğularda Qüdrət Həsənquliyev böyük etimad göstərilən millət vəkillərindən olub. 2004-cü ildə təqdim olunan “İlin ən fəal millət vəkili” nominasiyası üzrə “Mütərəqqi ideyalar müəllifi” mükafatı ilə təltif edilib. Həmçinin 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014,2015,2016, 2017-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda o, ilin ən fəal beş millət vəkillərindən biri olaraq seçilib. Qüdrət bəy Milli Məclisin komitə və plenar iclaslarında fəallığı, aktual mövzularla bağlı etdiyi çıxışları, dövlət və ümumxalq əhəmiyyətli məsələlərə, seçiciləri narahat edən mövzulara diqqət çəkməsi ilə fərqlənən millət vəkillərindəndir. 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən parlament seçkilərində parlamentə üzv seçilən Qüdrət Həsənquliyev ali qanunverici orqanda müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı təcrübəli və peşəkar hüquqşünas olaraq mövqeyini ifadə edib, qanunlarımızın daha da təkmiləşdirilməsində, hüquqi dövlət quruculuğunda faydalı mövqeləri ilə seçilib. Onun qanun layihələrinin müzakirələrində və cari məsələlər zamanı aktivliyi parlament rəhbərliyi tərəfindən də təqdir olunur, çünki qanunvericiliyin təkmilləşdirilməsi sahəsində inkişaf həm də peşəkarların iştirakı ilə aparılan müzakirələrin gedişində əldə olunur.

2003-cü ildən bəri ölkəmizdə keçirilən prezident seçkilərində ümumxalq və dövlət əhəmiyyətli təşəbbüsləri, təklifləri, çıxışları ilə də rəğbət qazanıb. Azərbaycanın adının “Şimali Azərbaycan” adlandırılması, ölkəmizin inzibati bölgüsünün 15 region üzrə həyata keçirilməsi, bir sıra iri şirkətlərin özəlləşdirilməsi ilə bağlı addımların atılmasını, peşəkar orduya keçidi və digər mühüm məsələlərlə bağlı təşəbbüsləri zaman-zaman dilə gətirən Qüdrət bəy vaxtaşırı əfv və amnistiya zərurəti ilə bağlı da təkliflər irəli sürüb. Ölkə Prezidenti bir neçə dəfə bildirib ki, fəaliyyəti dövründə prezident seçkilərində namizəd olmuş iddialıların təklifləri də nəzərə alınacaq. Qüdrət Həsənquliyev müxalifət partiyasının rəhbəri olsa da, ölkəmizin milli maraqlarının tələb etdiyi zaman birlik nümunəsini tərəddüd etmədən ortaya qoyan əsl vətəndaşdır. Bu kimi faktların özü onun dövlətə, millətə bağlı bir siyasət adamı olduğuna, ölkəmizin maraqlarını hər şeydən uca tutduğuna qəti şübhə yeri qoymur. Təsadüfi deyil ki, Azərbaycanda onun iştirakı ilə keçirilən prezident seçkilərindən sonra rəqibini-dövlətimizin başçısını təbrik etməkdən çəkinməyib, onun və digər iddialıların da bu siyasi mədəniyyət nümunəsi ölkə Prezidenti tərəfindən şəxsən yüksək qiymətləndirilib.

Sonuncu parlament seçkilərində mən bir vətəndaş kimi, yaşadığım dairədə heç bir tərəddüd etmədən seçicisi olduğum Qüdrət bəyə səs vermişəm. Tanıdığım, səriştəsinə bələd olduğum, dövlətə, öz xalqına bağlı, peşəkar siyasət adamının seçicilərinə sayğılı olduğuna da zərrə qədər şübhəm yoxdur. Əslində Qüdrət bəy o deputatlardandır ki, onun üçün seçki dairəsi anlayışı yoxdur, müraciət edən istənilən vətəndaşın yanında olmağı bacaran şəxsdir.

Qüdrət bəy mətbuata açıq siyasətçilərindən biri olduğu üçün onunla danışmaq, önəmli məsələlərlə bağlı açıqlamalar almaq çətin deyil.

"Yeni Müsavat" Media Qrupunun parlament müxbiri olaraq onunla dəfələrlə ölkəmizdəki hüquqi islahatlar, ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunması, həmçinin digər önəmli mövzularla bağlı geniş müsahibələrimiz olub. Yeri gəlmişkən, ixtisasca hüquqşünas olan və Konstitusiyanın, həmçinin qanunvericilik bazasının bilicilərindən olan Qüdrət bəyin 60 illik yubileyi həm əlamətdar bir dövrə təsadüf edir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Çox güman ki, bu il hüquqi islahatlarla bağlı elə Qüdrət bəyin də arzuladığı kimi, digər önəmli addımlar atılacaq.

Dəyərli millət vəkili, peşəkar hüquqşünas və siyasətçi, nümunəvi ailə başçısı və səmimi dostumuz olan Qüdrət bəyi ömrünün 60 illiyi münasibətilə təbrik edir, sağlam, uzun ömür, şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Hörmətlə: Elşad Paşasoy, jurnalist