“Rusiya beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir”- Qüdrət Həsənquliyev Siyasət
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, dünən 60 yaşınız tamam oldu, Sizi bir daha təbrik edir və bir neçə sualımızı cavblandırmağınızı xahiş edirik...
AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərdində vurulmasından bir aydan da artıq vaxt keçməsinə baxmayaraq istintaqın gəldiyi ilkin nəticələr ictimaiyyət üçün açıqlanmır. Sizcə nə baş verir?
- Öncə həm Sizə, həm də məni təbrik etmiş, təbrik ünvanlamış hər kəsə öz dərin minnətdarlığımı bildirir, hər birinizə sevinc dolu həyat, uğurlar arzu edirəm.
Təyyarənin Qroznı üzərində vurulması sübuta ehtiyacı olmayan bir faktdır. Qalır ictimaiyyətə açıqlansın ki, bu hansı şəraitdə, necə baş verib və kimlər günahkardır. Azərbaycan Rusiya prezidentinin üzrxahlığını qəbil edib. Günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi məsələsi də öz həllini tapmalıdır. Rusiya, ehtiyatsızlıqdan olmuş olsa belə, bu ağır cinayəti törətmiş şəxsləri müəyyən edib cəzalandırmasa, bu, iki qonşu və müttəfiq ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin xalqlarının maraqlarına cavab verir. Qərb tərəfindən ölkəmizə olan təzyiqlər həm də bizim Rusiya ilə əlaqələrimizin indiki səviyyəsinə görədir. Xalqımızı qıcıqlandırmaq və insanlarımızın heysiyyatına toxunmaq üçün gecə-gündüz təbliğat aparırlar ki, Azərbaycanı Rusiya yönəldir. Biz bunun əksini sübut etmək üçün Rusiya ilə münasibətləri korlamamalıyıq. Ermənipərəst dairələrin istədiyi də elə budur. İnanıram ki, iqtidar Qərblə Rusiya arasında “qızıl orta”nı tapacaq və ölkəmizə təzyiqlərə son qoyulacaq, böyük dövlətlər sülhdə maraqlı olacaq və nəhayət ki, ölkəmizi müharibədən çıxara biləcəyik. Xalqımız 10 illərdir davam edən gərginlikdən xilas olub, rahat nəfəs alacaq. Trampın Putinə pərəstiş etdiyini nəzərə alsaq, Rusiya ilə münasibətlərin korlanması ABŞ ilə də münasibətlərin bərpasına əngəl olacaq.
Rusiyada da kimlərsə guya bizə “canıyananlıq” edərək, bizi Qərbin sanksiyalarından qorumaq üçün “ayı xidməti” göstərib, xalqlarımız arasında münasibətlərə ziyan vuran davranış sərgiləməməlidir. İnsanlar arasında münasibətlər zədələnəndə onu bərpa etmək çətin olur. Rusiya tezliklə günahını etiraf etməli və beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir. Vaxtilə Azərbaycanın Rusiyaya münasibətdə etdiyi kimi.
- Rusiya və İran Azərbaycana münasibətdə hörmətlə davranmasa, Zəngəzur dəhlizi açılmasa, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilişinə icazə verməliyikmi?
- Əlbəttə, etik çərçivəni aşanların cavabı veriləcək. Zəngəzur dəhlizinin açlması üçün Qərb ölkələri kimi Rusiya və İran da Ermənistana təzyiq etmədi və beləliklə də birbaşa və dolayısı ilə digərləri kimi sülhdə maraqlı olmadıqlarını ortaya qoydular. Amma biz müdrik davranmalı, hər iki qonşu ölkə ilə əməkdaşlığı davam etdirməliyik.
İran bu gün fars millətçiləri (bəzi rəhbər şəxslər fars olmasa belə) tərəfindən yönləndirilsə də, həm də bir türk dövlətidir. Kəmər isə strateji əhəmiyyət kəsb edir. Dövlətlər arasında münasibətlər həmişə hamar olmaya bilər. Mən mütəmadi olaraq İranla viza rejiminin ardan qaldırılması, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edirəm. Sədri olduğum ƏHD partiyası 3+3 formatında region dövlətlərinin daha sıx inteqrasiya olunmasını və əməkdaşlığını təqdir edir. Partiyamız Avrasiya məkanında keçmiş sovet respublikaları, Türkiyə və İranın iştirakı ilə Avropa Birliyi modelində yeni ittifaqın yaradılması ideyası ilə də çıxış edib. Bu gerçəkləşərsə böyük bir coğrafiyada inkişafa və təhlükəsizliyə ciddi təminat vermiş olardı. Xalqımızın sosial inkişaf göstəriciləri bizim təkbaşına şaxələndirilmiş güclü azad bazar iqtisadiyyatı quracağımızın xeyli çətin olacağından xəbər verir. Neft hasilatının azalması və qiymətinin aşağı düşməsi fonunda biz ilkin mərhələdə Türkiyə ilə ümumi bazar yaradılması istiqamətində addımlar atmalı, dövlət müəssisələrini özəlləşdirməli, investisiya cəlbi üçün mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırmalıyıq.
- Axı, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir...
- Bu arzu olaraq qalacaq. 85 milyonluq, şərqli mentalitetinə, adət-ənənələrinə malik, müsəlman ölkəsi olan Türkiyəni heç kim xristian klubu - Avropa Birliyinə qəbul etməyəcək və bu başadüşüləndir. 7-10 milyonluq bir ölkə olsaydı bəlkə də qəbul edərdilər. Əminəm ki,Türkiyədə də bunu bilirlər və ora çox da can atmırlar. Əgər əksi olsaydı çoxdan heç nəyə baxmayıb üzvlüklə bağlı bütün şərtləri qəbul edib, icra edərdilər. Sadəcə müəyyən məqsədlər naminə hər dəfə üzv olmaq istədiklərini xatırladırlar. Avropa Birliyinin çox böyüməsi onun effektivliyini azaldacaq və dağılmasını labüd edəcək. Böyük Britaniya oradan elə-belə qaçmadı.
Amma Avropa Birliyi ilə yanaşı Avropa ilə Asiya arasında yeni bir Avrasiya İttifaqı da yaransa bu iqtisadi rəqabətə, dünyada sülhə töhfə vermiş olacaq. Çünki bizlər nə tam avropalıyıq, nə də tam asiyalı.