Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək
30 Yanvar 22:53
ABŞ Dövlət katibi Marko Rubionun Latın Amerikasının kiçik dövlətlərinə - Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikan Respublikasına səfəri planlaşdırılır. Rubionun səfərinin Panamadan başlamasının səbəbi aydındır. Rubio Trampın əmrini yerinə yetirməyə gedir, Vaşinqton Panama kanalını nəzarətə götürməyə çalışır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rubio Panama rəhbərliyi ilə həm kanalın Amerikaya qaytarılması, həm də Çinin bu dövlətdə möhkəmlənməsindən irəli gələn narahatlığı müzakirə edəcək:
“Çin şirkətləri Panamanın iki böyük limanına nəzarət edir. 2024-cü ildə həmin limanlardan 3.7 milyon konteyner daşınıb. Pekin bununla kifayətlənmək istəmir. Çin Panamanın infrastruktur layihələrinə böyük yatırımlar qoyub. Misal üçün Çin Panamadan Kosta-Rika sərhəddinə qədər yüksək sürətli dəmir yolu tikintisini maliyyələşdirir. Panama kanalı üzərindən ABŞ miqrant axını da həyata keçirilir. Ağ Ev bunun da qarşısını almağa çalışır. Rubio bu mövzunu Mərkəzi Amerika ölkələrinə səfəri zamanı müzakirə edəcək.
Bu arada, ABŞ Senatının Ticarət, elm və nəqliyyat komitəsi Panama kanalıyla bağlı dinləmələr keçirib. Komtənin sədri, Texas ştatından olan senator Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-a münasibəti ədalətli deyil”. Göründüyü kimi, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-ın ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir.
Senatın digər üzvləri Çinin Panama kanalından artan rolundan narahatlıqlarını bildiriblər. Respublikçı senatorlar deyiblər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Ona görə də senatorlar ABŞ-ın dəniz strategiyasının dəyişməsi vaibliyini vurğulayıblar. Dinləmələrdə çıxış edən ABŞ-ın Federal Dəniz Komissiyasının sədri Luis Sola senatorların narahatlıqlarını bölüşdüyünü deyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda sazişdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini yazır. Bu, Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri mövcuddur və bu layihələrdə çinli işçilər çalışırlar və onlar kanal ətrafında tikanlı məftillər salıblar”. Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb.
Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb. Bu o deməkdir ki, Donald Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq. Panama dövləti buna imkan verməsə, ABŞ-ın güc yolundan istifadə edəcəyi ssenariləri də gündəmdədir”.