“Azərbaycanın suveren hüquqlarının qorunması məsələsi hansısa bir xarici keçmiş deputatın bəyanatı ilə müəyyənləşmir” Siyasət

“Azərbaycanın suveren hüquqlarının qorunması məsələsi hansısa bir xarici keçmiş deputatın bəyanatı ilə müəyyənləşmir”

“Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyası (HDP) heç bir zaman Azərbaycana qarşı müsbət münasibət sərgiləməyib. Qarabağ məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb. Hər zaman erməni separatçılarının tərəfində olub. Ona görə də ondan seçilən erməniəsilli deputat Qaro Paylanın Azərbaycan əleyhinə açıqlamalar verməsi tamamilə gözlənilən idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Azərbaycanın suveren hüquqlarının qorunması məsələsi hansısa bir xarici keçmiş deputatın bəyanatı ilə müəyyənləşmir: “Azərbaycanın bu gün öz qüdrətini, müstəqilliyini qorumaq üçün kifayət qədər imkanları var. Cəmiyyətimizdə milli birlik var. Xalqımızın Prezident ətrafında sıx birləşməsi, onun siyasətini dəstəkləməsi var. Həmçinin Azərbaycanın uğurlu daxili, xarici siyasəti, güclü ordusu və öz maraqlarını qorumaq üçün güclü dövlətçilik sistemi var. Kimin qıraqda nə deməsindən asılı olmayaraq Azərbaycan özünün suverenliyini qoruyacaq və bundan sonra heç bir zaman kənardan Azərbyacana qarşı hər hansı təhlükənin olmasına imkan verməyəcək”.

Röya İsrafilova