“Bu şeytan yuvasının yox olması dövlətlərin sabitliyi və inkişafı üçün ciddi töhfə ola bilər” Siyasət

“Bu şeytan yuvasının yox olması dövlətlərin sabitliyi və inkişafı üçün ciddi töhfə ola bilər”

“USAID-in ləğv edilməsi ilə bağlı xəbərlər bir neçə gündür gündəmi məşğul edən ən əsas mövzulardan birinə çevrilib. Xüsusilə destruktiv fəaliyyəti ilə tarixə düşmüş USAID bütün bölgələrdə dövlətlərin daxili işlərinə müdaxilə yolu ilə qeyri-sabitliyin təşviq edilməsində önəmli “rol” oynayıb. Vətəndaş cəmiyyətinin və medianın maliyyələşdirilməsi vasitəsilə fərqli radikal düşüncələri himayə edərək dövlət daxilində ideoloji qruplaşmalar yaradılması onun fəaliyyətinin ən əsas istiqamətlərindən biri olub”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

A.Qurbanova əlavə edib ki, əslində bu məsələ gündəmə gəlməzdən çox qısa müddət öncə Prezident İlham Əliyevin Kiselyova müsahibəsi zamanı bu mövzuya toxunaraq Trampın belə bir qərar qəbul edəcəyinin mümkünlüyünü vurğulaması dövlətimizin USAID kimi qurumlara münasibətdə kifayət qədər konkret və uzaqgörən mövqeyinin olduğunun bariz nümunəsidir: “Cənab Prezident açıq şəkildə ifadə edib ki, Azərbaycan mediası heç bir xarici mənbədən maliyyələşə bilməz. Ölkə başçısı bildirdi ki, axı, biz ABŞ mediasını maliyyələşdirmirik, düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və “Azadlıq Radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”.

Politoloq Azərbaycan kimi müstəqil xarici siyasət gündəliyinə sahib olan dövlətlərin hər zaman bu qurumun əsas hədəfi olduğunu diqqətə çatdırıb: “Uzun illər Azərbaycanın uğurlarını hədəf alan qaralama kampaniyasını maliyyələşdirən USAID-in başlıca məqsədi cəmiyyətdə ayrı-seçkilik toxumları səpərək həmrəyliyin olmasına mane olmaq olub. Təbii ki, buna heç bir halda nail ola bilməsələr də, onlara xidmət edən kiçik media şəbəkələri formalaşdırıblar. Artıq onların kimliyi və hansı mərkəzlərə “xidmət” etdikləri ilə bağlı reallıqlar da ifşa olunub. Ümumiyyətlə, qlobal sistemdə ciddi dəyişikliklər başlayır, USAID kimi qurumlar artıq öz “istifadə müddətini” çoxdan bitirib. Hətta onun mövcudluğu ABŞ kimi qlobal aktor üçün bir yükə çevrilib və məhz ona görə də, Trampın imzaladığı ilk yüzə yaxın qərar arasında USAID-in fəaliyyətinin dondurulması ilə bağlı qərar da var. Növbəti mərhələdə digər addımlar da atılmağa davam edir. Nəticə etibarilə düşünürəm ki, bu şeytan yuvasının yox olması dövlətlərin sabitliyi və inkişafı üçün ciddi töhfə ola bilər”.

Röya İsrafilova