USAID-in gerçək siması: şeytan yuvasının missiyası əslində nədən ibarət olub? Siyasət

USAID-in gerçək siması: şeytan yuvasının missiyası əslində nədən ibarət olub?

Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in Tvitter hesabı da bağlanıb və saytı açılmır. Həmçinin, Soros xətti ilə maliyyə də dayandırılıb. Bildirək ki, hələ Prezident İlham Əliyev dekabrda Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləciyini qeyd etmişdi.
Bu qurumun Azərbaycana qarşı fəaliyyəti, ermənipərəst mövqe tutması, eləcə də Misir, Ukraynada inqilablarda rolu, Gürcüstanda destruktiv fəaliyyəti və s. haqqında millət vəkilləri, siyasi şərhçilər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərar Tramp administrasiyasının atdığı mühüm addımlardan biridir: “Çünki 50 milyarddan çox büdcəsi olan bu təşkilatın bu vəsaiti nəyə xərclədiyi ilə bağlı ciddi şübhələr yaranıb. Bəlli olur ki, USAID öz büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatı, bir hissəsini Əfqanıstanda radikal qruplaşmaların təşkilinə xərcləyib. Beləliklə, bir çox bənzər hallara yol verməklə ABŞ-nin demokratik imicinə ciddi zərbə vurub. Ona görə də USAID-in fəaliyyətinin araşdırılmasına ehtiyac var. Birinci mərhələdə praqmatik məntiqdən çıxış edən Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırdı”.

“USAID perspektivi olmayan təşkilatdır”

Deputat gələcəkdə bu təşkilatın, ümumiyyətlə, ləğv oluna biləcəyini deyib: “Nəticə etibarı ilə bir ölkənin yaratdığı təşkilat o ölkənin xarici siyasət məqsədlərinə xidmət etmirsə, o ölkənin beynəlxalq imicinə, nüfuzuna xələl gətirirsə, demək onun haqqında daha ciddi tədbirlər görülməlidir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Rusiya mediasına verdiyi müsahibədə bu məsələyə toxunmuşdu. Çünki USAID Azərbaycanda da və postsovet məkanında da fəaliyyət göstərir. Bu məkanda isə USAID-in fəaliyyəti daha çox milli iradə üzərində hegemoniya qurmağa söykənib. Bu təşkilat postsovet ölkələrinin vətəndaşlarının cəsusluğa cəlb edilməsi fəaliyyəti ilə məşğul olub. İctimai rəyi manipulyasiya etmək üçün media subyektlərinə bənzər subyetklər yaratmaqla məşğul olub və bütün bunlar ölkələrdə narazılıq doğurub. USAID-in fəaliyyəti Rusiyada qadağan olunub. Gürcüstan onun fəaliyyətindən çox narazıdır. Bəlli oldu ki, Gürcüstandakı radikal qruplaşmaları da maliyyələşdirən onlardır”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda da USAID-in etdiyi əməllər göz qabağındadır: “Ona görə də mən düşünürəm ki, bu, perspektivi olmayan təşkilatdır. Azərbaycan Prezidentinin hələ bir neçə ay bundan əvvəl təxmin etdiyi Tramp administrasiyasının USAID-i bağlamasının mümkün olması ilə bağlı səsləndirdiyi fikirlər bu gün öz əksini tapıb. Düşünürəm ki, bundan sonra USAID-in ABŞ ilə düşmən etməyə cəhd etdiyi dövlətlər ABŞ-yə dost münasibət göstərəcək. Çünki dövlətlərarası münasibətlərə xələl gətirən bu təşkilatın fəaliyyəti artıq dayandırılıb”.

“USAID daha çox təxribatlarla məşğuldur”

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, USAID-in fəaliyyətini təhlil edəndə bu struktur və qurumun dünyanın müxtəlif yerlərində təxribatla, rəngli inqilablarla, müstəqil siyasətin qarşısının alınması ilə məşğul olduğunu görürük: “Yəni bu gün USAID-in fəaliyyətində bu, əsas bir istiqamət kimi hər zaman özünü göstərir və həmişə də birmənalı qarşılanmır. Azərbaycan müstəqil siyasət həyata keçirdiyinə görə biz hər zaman bu qurum tərəfindən ölkəmizə qarşı tədbirlərin təşkil olunduğunun, təxribatların baş verdiyinin açıq-aydın şahidiyik. Ona görə də bu mənada hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr və digər ölkələrdə baş verən proseslər də bir daha onu göstərir ki, Azərbaycan haqlı olaraq Prezident İlham Əliyevin qeyd etdiyi formada davamlı olaraq bu təşkilata öz mövqeyini və münasibətini bildirib”.
C.Məmmədov ABŞ Prezidenti Trampın USAID layihələrini dayandırması addımını yüksək dəyərləndirib: “Bu, çox doğru bir addımdır. Bu addımın atılması zamanın tələbi idi. Belə bir addımın atılması yalnız və yalnız ABŞ-nin siyasətinin qarşısının alınması üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ bu cür təxribatlardan, fəaliyyətlərdən uzaq olmalı, digər dövlətlərə qarşı təxribatlara yol verməməli və məsələlərə daha diqqətlə, həssaslıqla yanaşmalıdır”.

“Bu Agentlik siyasi şeytanlıqdan başqa bir iş görmür”

Politoloq Elman Telmanoğlu bu Agentliyin siyasi şeytanlıqdan başqa bir iş görmədiyini vurğulayıb: “Məsələn, Misir və Ukraynada baş verən inqilablarda USAID-in dolayısı ilə olsa da birbaşa əli var idi. İndi də USAID, guya Gürcüstanda müxtəlif proqramlar həyata keçirir və ölkənin iqtisadiyyatı, səhiyyəsi və cəmiyyəti sahələrində dəstək təşkil edir, amma əslində isə ölkənin daxili siyasətinə və qanunvericiliyinə əks yönəlik siyasi təsir göstərir. Bu destruktiv siyasət həyata keçirən agentliyin tək niyyəti Gürcüstanda yox, ümumiyyətlə, Cənubi Qafqazda siyasi stabilliyi pozmaqdır. Bu durum isə onsuz da Qərbdən gələn istənilən havaya oynayan siyasi marionet Ermənistan hakimiyyəti üçün fərq etmir.
16 yanvar 2025-ci il tarixdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə bildirdi ki, USAID-in ölkəmizə yardımları ABŞ-nin mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı. C.Bayramov qeyd etdi ki, biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil, ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Nəinki Amerika, hətta ümumqərb siyasətini bütün qərb siyasətçilərindən daha yaxşı bilən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dekabrda Kiselyova müsahibəsində qeyd etmişdi ki, zənnimcə, Tramp onu ləğv edə bilər. Nəticə isə göz önündədir”.
“Bu, Amerikanın ümumi siyasi kursunda bəzi dəyişikliklərin ediləcəyinin ilkin anonsudur”
E.Telmanoğlu həmçinin vurğulayıb ki, ABŞ-nin 47-ci Prezidenti Donald Trump, USAID-in ləğv edilməsi barədə açıqlamalarını 2025-ci ilin yanvar ayında edib: “20 yanvar 2025-ci ildə prezident seçiləndən qısa müddət ərzində, Trump yeni xarici yardım proqramlarının 90 gün ərzində dayanması haqqında sərəncam imzalaması USAID-in fəaliyyətlərinin dayanmasına səbəb oldu. Trump USAID-in ləğv edilməsini təklif edib və onu "Radikal Lunatiklər" tərəfindən idarə olunan bir təşkilat kimi tərif edib. Bu, bir çox xarici yardım təşkilatlarının narahatlığını doğurub. Diqqət yetirdinizsə, ilk olaraq USAİD-in “X” sosial şəbəkəsində İlon Mask tərəfindən profili bağlandı. Bu isə Amerikanın ümumi siyasi kursunda bəzi dəyişikliklərin ediləcəyinin ilkin anonsudur”.

Röya İsrafilova