Rusların ukraynalılara qarşı ədavəti olub Siyasət
Rusiya və Ukrayna tarixin sınaqları qarşısında sinifdə qaldı desək yanılmarıq. İki xalq arasındakı tarixi hesablaşma son üç ildə davam edən müharibə ilə özünün həlledici məqamına yaxınlaşır. Rus və Ukrayna xalqlarının eyni kökdən olan millət olduğu deyilsə də, hələ Ikinci dünya müharibəsi öncəsi illərində Ukrayna xalqına qarşı Rusiya tərəfindən törədilən cinayətlər, "qolodomor" hadisəsi, ukraynanalıların sovet rəhbərliyi tərəfindən məqsədli şəkildə soyqırıma məruz qoyularaq acından qırılması faktı onu göstərirdi ki, rusların ukraynalılara qarşı ədavəti olub.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı qeydə alınıb.
Qıtlıq nəticəsində əhalinin sıxışdırıldığı ərazilərdə insanlar ruslar tərəfindən Zaporojye, Donetsk və Luqansk vilayətlərinə köçürülsə də, Ukraynanın mərkəzi hissəsində vəziyyət daha acınacaqlı idi. Depopulyasiyanın ölümlə deyil, miqrasiya ilə bağlı olduğu bəzi ərazilərdə ukraynalılar evlərinin ruslar tərəfindən tutulduğunu bilmək üçün öz yaşayış yerlərinə qayıtdılar və bu, ukraynalı fermerlərlə rus köçkünləri arasında geniş yayılmış döyüşlərə səbəb oldu. Bu cür toqquşmalar bir milyona yaxın rus köçkünün geri evlərinə qayıtmasına səbəb oldu.
Göründüyü kimi indiki müharibənin kökləri və Rusiyanın iddia etdiyi və işğal etməyə can atdığı ərazilər vaxtilə Sovet Rusiyası tərəfindən süni şəkildə böyük qırğınlar hesabına yaradılıb. Məsələnin tarixi köklərinin aydınlaşdırılması əslində yerinə düşür. İndi aydın olur ki, bu iki xalq arasında düşmənçilik haradan qaynaqlanır: “Nəhayət tarixi hesablaşma özünün üç illik müharibə dövrü ilə davam edir. Üç ilin tamam olmasına sayılı günlər qalıb. ABŞ Prezidenti Donald Trampın bu müharibəni dayandırmaq cəhdlərinin konturları hələ tam bəlli olmasa da, onun verdiyi son açıqlama məsələnin mahiyyətinin nədən ibarət olduğunu göstərmək baxımından maraq doğurur. Tramp Ukraynaya ABŞ-ın yardım etməsi qarşılığında onların xərclərinin geri qaytarılmasını qarantiya altına alınması üçün Ukraynanın nadir torpaq metallarının olduğunu vurğulayaraq: "Ukraynanın möhtəşəm nadir torpaq metalları var"- deməsi və bunun üzərindən Ukrayna ilə ABŞ arasında bu metalların çıxarılması üçün ABŞ-la müqavilə imzalanmasını təklif edib. Əslində bu təklifi Zelenski keçən ilin oktyabrında təklif etmişdi. Görünən odur ki, Tramp da fürsəti əldən vermədən bunu dəyərləndirmək istəyir. Əslində Ukraynanın başqa çıxış yolu yoxdur. Ukrayna hansı şərtlərlə olursa-olsun verilən yardımların kredit şəkildə geri qaytarılacağına əminlik yaratmaq istəyir. Əsas odur ki, Rusiyanın işğal hərəkətlərinə qarşı Ukraynanı tək və çarəsiz qoymasınlar”.
Tramp hakimiyyətə gələn kimi bütün yardımların, İsrail və Misir istisna olmaqla üç ay müddətində dayandırılmasına göstəriş vermişdi. Amma keçən həftə sonu etibarılə Ukraynaya son günlərdə yardımın bərpa olunduğu və xeyli miqdarda silah-sursatın gətirildiyi qeyd edilir. Tramp da başa düşür ki, Ukraynanı yardımsız buraxmaq Rusiyanın işinə yarayacaq. Nəticə etibarilə bu da danışıqlarda ABŞ-ın əlini zəiflədəcək. Putinin tələbləri artacaq. Ona görə də Ukraynanı yardımsız buraxmaq doğru deyil. Onsuz da
yanvarda 430 kv.km, dekabrda 476 kv.km, noyabrda 725 kv. km ərazi işğal edilib. Göründüyü kimi işğalın miqyası getdikcə azalıb, amma bunun sərt hava şəraiti səbəbindən olduğu bəllidir.
Rusiyanın ABŞ-la gizli danışıqlar apardığı xəbərləri gəlir. Tramp adminstrasiyası Putinlə müharibənin dayandırılması şərtlərini müzakirə edirlər. Tramp və Putin arasında gözlənilən görüşün olmasından hələ ki, söhbət getmir. Tramp hələ ki, ciddi şəkildə Rusiyaya qarşı təzyiq dili ilə danışmır. Sadəcə neftin qiymətinin aşağı, 50 dollara qədər salınması üçün həm ABŞ daxilində neft çıxarılmasını artırmaq üçün çağırışlar edir, həm də Səudiyyə Ərəbistanı ilə neft çıxarılmasının artırılması üçün danışıqlar aparır. Görünən odur ki, Tramp seçki dövründə verdiyi vədi həyata keçirməyə başlamışdır. Neftin qiymətinin aşağı düşməsi Putin üçün ağır zərbə olacaq. Bu, Putinin danışıq masasına oturmasına və Trampın şərtləri ilə razılaşmasına zəmin yaradacaq: “Məlum danışıqlar vaxtilə İstanbulda aparılırdı, amma sonralar Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Consonun Zelenskini danışıqlardan çəkilməsinə inandırdıqdan sonra yarımçıq qalmış və müharibə yeni fazaya daxil olmuşdur. B.Conson onda Ukraynaya özünü müfafiə üçün hər cür yardımın ediləcəyinə söz vermişdi. Məsələ ondadır ki, Zelenskinin prezidentlik səlahiyyətləri keçən il başa çatıb. Amma müharibə səbəbindən yeni prezident seçkilərinin keçirilməsi mümkün olmayıb. Həm də Zelenski öz imzası ilə özünün belə işğal davam etdiyi müddətcə Rusiya ilə hər hansı razılaşma müqaviləsi imzalamasını qadağan edən sənəd imzalayıb, xüsusən də, Putin hakimiyyətdə olduğu müddətdə.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat vermişdi ki, Qərb ölkələri Ukraynadakı münaqişə ilə bağlı Rusiya ilə danışıqlara başlamaq və onun mərhələli həlli ideyasına getdikcə daha çox maraq göstərirlər. Bu da təbiidir. Qərb ölkələri də bəzi reallıqları qəbul edirlər ki, nəticəsi bəlli olmayan qara dəliyə maliyyə tökmək mənasız işdir. Ona görə də müharibənin dayandırılması ən yaxşı çıxış yoludur.
Rusiyanın bu işğal kampaniyasından müəyyən mənada qazancla çıxacağı aydındır, ən azı indiki geosiyasi durumda. Ukraynanın da öz müstəqilliyini və dövlətçiliyini saxlamaq şərtilə müharibədən itkilər versə də, uğurla çıxdığını iddia etmək olar.
Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, üç ildir davam edən bu müharibənin mahiyyəti Qərb üçün sivil dünya ilə aqressor dünya arasında mübarizə meydanı idi. Demokratik cəmiyyət qurmaq üçün verilən mübarizədir. Ancaq indi Trampın Ukraynaya yardım etmək üçün təbii xammallarını hədəf göstərərək onun ABŞ-ın etdiyi və edəcəyi yardımların qarşılığını almaq üçün qarant göstərməsi məsələnin mahiyyətini dəyişir. Ümumiyyətlə dünyada həmişə mövcud olan fikir vardır ki, imperializm həmişə getdiyi yerdə ölkələrin təbii sərvətlərini istismar edir və sonra oranı tərk edib gedir. Məsələn, İrak və Əfqanıstanda olduğu kimi. Amma digər bir fikir də mövcuddur ki, böyük güclər bir-birilərinin maliyyə, yəni investisiya qoyduğu ərazilərdən aralı dururlar. Kiçik dövlətlər də bu əməkdaşlıqdan nəsə qazansalar da əsas məqsədləri bunun hesabına öz təhlükəsizliklərini təmin etmək olur. Artıq başqa dövlət onun ərazisinə müdaxilə etməyə cəhd etmir. İndi Ukrayna misalında Trampın bu istəyi, yəni Ukrayna ilə nadir torpaq
metalları və digər mövcud olan təbii sərvətlərin istismarı üçün müqavilə imzalanması fikri əslində Rusiyanı sonrakı işğal hərəkətlərindən çəkindirmək məqsədi ilə edilir. ABŞ təbii olaraq Ukraynanın təbii ehtiyatlarını istismar edəcəksə, bura külli miqdarda sərmayə qoyulacaq, hansı ki, indi bu yoxdur, onda ABŞ bu sərmayəni qorumaq adı altında Ukraynaya hər cür silah da verə bilər, eyni zamanda, lazım gəldikdə öz ordusunu da Ukraynaya göndərə bilər. Hesab edirəm ki, bu yol Ukrayna üçün də məqbul yoldur. Nə yolla olursa-olsun Ukraynanın tək qalmaması lazımdır ki, bu yol da Ukraynaya təhlükəsizlik qarantiyası verir”.
Qeyd edək ki, Ukraynanın qeyd edilən təbbi xammal ehtiyatlarının miqdarı 15 trilyon dollar dəyərində ölçülür. Bunun da 70%-i Donetsk, Luqansk və Donbas bölgələrində yerləşir. Məsələnin digər tərəfi isə odur ki, bu ərazilərin böyük hissəsi Rusiyanın işğalı altındadır. Bu durumda ABŞ ya Ukraynaya elə səviyyədə hərbi yardım göstərməlidir ki, Ukrayna ordusu əks hücuma keçib bu əraziləri ruslardan geri alsın. Əslində görünən də odur ki, Rusiyanın da Ukraynaya müxtəlif bəhanələrlə hücumunun kökündə bu təbii ehtiyatlatların ələ keçirilməsi dayanır. Bu ərazilərdə məsələn, Soledarda dünyanın ikinci ən böyük duz yataqları mövcuddur ki, bura da Rusiyanın işğalı altındadır. Bu durumda Rusiya və ABŞ arasında müharibənin dayandırılmasından sonra birlikdə bu xammaları istismar etmək haqqında gizli sövdələşmə olması ehtimalı da göz ardı edilməməlidir, amma bu, fikrimcə, çox az ehtimaldır. Böyük ehtimalla Trampla Putin arasında davam edən gizli danışıqlarda, hansı ki, onlar arasında iki dəfə gizli telefon danışığının olduğu da qeyd edilir, amma tərəflər arasındakı heyətlərin danışıqlar apardığı mütləqdir, Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərinin müəyyən hissələrindən geri çəkilməsi məsələsi müzakirə edilir ki, həmin xammallar olan ərazilər razılığa əsasən ABŞ-ın istifadəsinə verilsin. Ukraynanın Kurskda ələ keçirdiyi ərazilər də burda Trampın köməyinə gələ bilər. Ərazilərin dəyişdirilməsi baxımından: “Amma bütün hallarda məsələnin mahiyyətinin xammal istismarı səviyyəsinə kimi düşürülməsi bütün dünyada demokratik cəmiyyət qurmaq uğrunda mübarizə aparan ölkələr üçün ağır seçim olacaq. Bütün dünya açıq şəkildə başa düşür ki, demokratiya anlayışı mahiyyət etibarilə daha çox hansısa gizli istəklərinə həyata keçirilməsi üçün Qərbin əlində alətdir və bu, belə də olub. Odur ki, demokratik cəmiyyət qurmaq fikrinə düşəndə iki dəfə fikirləşərək hərəkət edəcəklər. Necə ki, Gürcüstan indi bunu edir.
Amma, hesab edirəm ki, hər hansı bir dövlət demokratiya dəyərlərini başqası üçün etmir. Bunu öz gələcəyi naminə edir. Odur ki, bunu başqalarından gözləmək əvəzinə özləri bu yolu öz mentalitetlərinə görə uyğunlaşdırıb getsələr daha məsləhətli olar. Bu, başqasına lazım deyil. Bu, hər bir xalqın özünə lazımdır. Ona görə də hər bir xalq bunda özü maraqlı olmalıdır. Ukrayna xalqının keçdiyi yol, bütün xalqlara və dövlətlərə bir dərsdir. Demokratiya gedən yolda necə və kimlərin dəstəyinə arxayın olmaq olar, bunun dərsi. Ümid edirik ki, bütün xalqlar bundan doğru dərs alacaqlar. Böyük güclərin yeminə çevrilməyəcəklər. Özləri öz yollarını cızıb bu yolla gedəcəklər”.
Cavid