![İlham Əliyev Bakıda bu yeni parkın açılışında iştirak etdi](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/67a6306f0bb5967a6306f0bb5a173894462367a6306f0bb5767a6306f0bb58.jpg)
![İlham Əliyev Bakıda bu yeni parkın açılışında iştirak etdi](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/67a6306f0bb5967a6306f0bb5a173894462367a6306f0bb5767a6306f0bb58.jpg)
“Bütün dünya ölkələrində destruktiv fəaliyyəti ilə tanınan USAID-in sonunun məhz belə olacağı bəlli idi. Yəni, şər yuvası daim fəaliyyət göstərə bilməzdi. ABŞ-də 64 il əvvəl yaradılmış bu təşkilat “humanitar” devizi altında fəaliyyət göstərsə də, əslində rəngli inqilabların, müharibələrin və bir sıra qlobal “qara” planların həyata keçirilməsində aktiv rol oynayıb. Məsələ burasındadır ki, USAID-in əl qoyduğu bütün layihələrdə qarşıdurma, müharibə, münaqişə, bir sözlə, şərə söykənən hər şey var”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov diqqətə çatdırıb ki, bu təşkilat dünya xalqlarının bədbəxtliyi üzərində özünün xoşbəxtliyini qurmaq kimi çirkin planlara sahib olub: “Cənubi Qafqazda, eyni zamanda, Azərbaycanda da bu təşkilatın mənfur izləri görünməkdədir. Regionumuzda siyasi qalmaqallar, hakimiyyət əlehinə çıxışlar, itaətsizlik kimi neqativ işlərə bulaşan USAID-in fəaliyyətindən ölkəmizdə daim narazılıq olub. 2024-cü ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAID barədə tutarlı fikirlər söylədi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Əlbəttə, bu qədər haqlı narazılıqdan sonra təşkilat haqqında ciddi ölçü götürülməli idi və Tramp andiçmədən dərhal sonra USAID-in qadağan olunması barədə qərar qəbul etdi”.
Deputat qeyd edib ki, bəli, USAID cinayətkar təşkilatdır və fəaliyyətinə xitam verilməli idi: “Bu təşkilatın fəaliyyətində qalmaqallı məqamlar, qanundankənar addımlar kifayət qədərdir. Diqqət edin, USAID 60 milyardlıq büdcə ilə dünyanın 100-dən çox ölkəsində “fəaliyyət” göstərsə də, onun işinə kənar müdaxilələrə ABŞ administrasiyası tərəfindən heç vaxt icazə verilməyib. Belə məlum olur ki, əslində USAID-in fəaliyyəti ABŞ Konqresindən, hətta Ağ Evdən koordinasiya edilib. USAID-in maliyyə dəstəyi ilə Azərbaycana qarşı saysız-hesabsız təxribatlar törədilib, Ermənistanın işğalçı siyasəti müdafiə edilib, işğala məruz qalan Azərbaycan haqsız duruma düşürülüb, beynəlxalq arenalardan, mötəbər tribunalardan ölkəmiz əlehinə iftiralar yağdırılıb. Bir məsələni xüsusi olaraq vurğulayım, Ermənistanda insan haqlarının, söz və mətbuat azadlığının, korrupsiya ilə mübarizənin acınacaqlı durumda olmasına, əksinə, Azərbaycanda bu sahədə bir sıra uğurlar əldə edilməsinə baxmayaraq düşmən ölkə hesabatlarda həmişə bizdən irəlidə olub. Bunun günahı bizdə yox, USAID-in maliyyə dəstəyi ilə bu sənədi hazırlayanlardadır”.
O həmçinin əlavə edib ki, USAID-in bizə qarşı neqativ addım atmasının bir səbəbi də Azərbaycanın müstəqil iqtisadi, sosial, humanitar və hərbi siyasət yürütməsidir: “Məhz USAID-in “5-ci kolon”ları vasitəsilə Azərbaycana iftiralar atılıb. Ukraynada “narıncı”, yəni “Maydan hərəkatı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenariləri də USAID-in otaqlarında hazırlanıb. “Politico” və “BBC” kimi tanınmış dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada da USAID-in əlinin olduğu kimsəyə sir deyil. Beləliklə, ABŞ-də hakimiyyətə gələn yeni komanda USAID-in fəaliyyətini haqlı olaraq dayandırıb. ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri İlon Mask təşkilata qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib, onu “cinayətkar təşkilat” adlandırıb. Proses davam edir, düşünürük ki, USAID-in daha dərin qatlarda olan cinayətləri üzə çıxacaq, kimin haqlı, kimin haqsız olduğu bəlli olacaq”.
Röya İsrafilova