"Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert Siyasət
“Rusiya həqiqətən də nadan, nankor və vəhşitəbiətli dövlətdir. Yəni bu dövlət insanlar üçün can güvənliyini təmin edə bilməyən, qanunlara məhəl qoymayan bir təhlükədən ibarətdir. Ona görə biz həmişə çağırışlar edirik ki, ümumiyyətlə, Rusiya imperiyasi mütləq və mütləq SSRİ, Çar Rusiyası kimi dağılmalıdır. Yəni Rusiyanın işğal və istibdad altında saxladığı xalqlara azadlıq verilməlidir. O xalqlar öz müstəqil dövlətlərini qurmalı və rusların əsarətindən qurtulmalıdırlar. Deputatlar Yevgeni Popov və Nikolay Valuyev Rusiyada azərbaycanlılara aid şirkətlərin müsadirə edilməsi və s. kimi vəhşi təkliflər irəli sürür. Azərbaycanlı dedikləri də Rusiya vətəndaşlarıdır. Milliyəti, etnik kimliyi nəzərə alaraq onlara qarşı deputatlar, Dövlət Duması səviyyəsində belə fikirlər səsləndirilirsə, deməli, bu dövlət doğrudanda vəhşi dövlətdir. Yəni müasir dövrün tələblərinə cavab verməyən dövlətdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrətin sözlərinə görə, diaspor təşkilatlarının qapadılmasına gəlincə, Rusiya onsuz da Azərbaycan diaspor təşkilatlarını darmadağın edərək azərbaycanlıları pərən-pərən salıb: “Yaxud da Rusiya vətəndaşı olan azərbaycanlıların mütləq məcburi şəkildə Ukraynaya müharibəyə göndərilməsinə edilən çağırış. Bu da bu dövlətin vəhşi təbiətindən irəli gəlir. Yəni etnik mənsubiyyətinə görə insanları müharibəyə göndərmək istəyirlər. Görürsünüzmü, bu, nə qədər təhükəli bir dövlətdir? Bizim ölkəmizdə olan ruslara heç gözün üstündə qaşın var deyən varmı? Yaxud da Rusiyada bütün bu bəlalar başımıza gətirilərkən Azərbaycanda bir nəfər vətəndaşımız çıxıb dedimi ki, Azərbaycandakı ruslara qarşı nəsə edək? Biz bunu etmərik. Çünki mədəni millətik, Rusiya kimi vəhşi dövlət deyilik. Azərbaycandakı ruslar bizim vətəndaşımızdırsa, bununla məsələ qapanır. Yəni onlara etnik mənsubiyyətinə görə hər hansı mənfi bir münasibətdən söhbət gedə bilməz. Azərbaycanda vətəndaşlar etnik mənsubiyyətindən, dini yönündən asılı olmayaraq hamısı bərabərhüquqludur”.
Siyasi şərhçi vurğulayıb ki, amma Rusiyada bunu edə bilmirlər və buna görə də bu cür vəhşitəbiətli çağırışlar edirlər: “Ona görə də biz həmişəki fikrimizin üstündə qalırıq ki, Rusiyanın bu cür vəhşiliklərindən qurtulmanın tək yolu o qanlı imperiyanın çökdürülməsi, Rusiyanın tərkibindəki xalqların azadlığa qovuşmasıdır. O zaman azərbaycanlıların da heç bir problemi olmayacaqq. Əslinə qalanda isə Rusiya dedikləri torpaqlar Rusiya deyil. Azərbaycanlılar Rusiyada yaşamırlar, azərbaycanlılar böyük hesabla qədim türk torpaqlarında yaşayırlar. Sadəcə o türk torpaqları indi Rusiyanın işğalı altındadır”.
Röya İsrafilova