Səfir: Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcəyik Siyasət

Səfir: Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi ilə əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq daha da inkişaf etdirəcəyik.

APA xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

Səfir deyib ki, fəaliyyəti dövründə əlaqələri daha da gücləndirməyə çalışacaq.

“Türkiyə Cümhuriyyətinin Azərbaycandakı yeni səfiri olaraq Prezident İlham Əliyevə etimadnaməmi artıq təqdim etmişəm. Nəzakətli şəkildə məni qəbul etdiyi üçün cənab Prezidentə bir daha təşəkkür edirəm. Mustafa Kamal Atatürkün vurğuladığı kimi, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Şəhidlərimizin hüzurunda olmaqdan qürur duyuram. Türkiyə və Azərbaycan daim birlikdə olub. Biz Qarabağ müharibəsində qardaşlarımızın Zəfərini gözlədik. 6 fevral zəlzələsində Azərbaycandakı qardaşlarımızın yardımsevərliyini unutmayacağıq. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Prezidenti İlham Əliyevin güclü liderliyi ilə əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq daha da inkişaf etdirəcəyik. Bu yolda gecə-gündüz çalışacağıq”, - diplomat vurğulayıb.