![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Azərbaycan tərəfi prosesləri sürətləndirib; ekspertlər ermənilərin bu dəfə də səmimi olmayacağını deyir
Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş haqda xəbər verilib. Bu barədə dövlət komissiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.
İndiyədək 11 mindən çox azərbaycanlı itkin ailəsindən bioloji nümunə götürülüb. Son razılaşma nəyi ehtiva edir, Ermənistan itkin düşənlərlə bağlı konkret addımlar atacaqmı, yoxsa bu da mina xəritələrinin təhvil verilməsi kimi başdansovdu olacaq?
Rövşən Məhərrəmov
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, heç bir halda ermənilərə inanmaq olmaz: “Bu komissiya çoxdan bu istiqamətdə addımlar atmalı idi. Bilirsiniz ki, birinci Qarabağ müharibəsindən sonra çoxlu sayda soydaşımız itkin düşüb. Onların bəzilərinin Qarabağ işğaldan azad ediləndən sonra cəsədləri aşkarlandı. Onlar müəyyən edilir və ailələrinə qaytarılır. Bu, çox ciddi bir məsələdir. Maddi baxımdan da olduqca baha başa gələn bir prosesdir. Bizim üçün vətəndaşlarımızın hər birinin tapılması daha mühüm məsələdir. Azərbaycan dövləti ermənilərə aid olan bütün hərbi meyitləri, hərbi məzarlıqları onlara qaytardı. Lakin ermənilər bu məsələlərdə çox ləng tərpənirlər. Bu məsələni Azərbaycan dövləti konkret olaraq ermənilərlə müzakirə etmək tələbi irəli sürüb. Ermənilər bu məsələdə səmimi olmalı, Azərbaycanın dövlət komissiyasını dəqiqliyi ilə məlumatlandırmalıdır. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycandan itkin düşənlərin sayı çox idi. O dövrdə belə bir komissiya mövcud deyildi. Dövlət komissiyası yaradılanda komissiya və hərbi prokurorluq bu istiqamətdə işlər apardı.
Sülh müqaviləsi imzalanandan sonra bu məsələni daha yüngül formada həll etmək olar. Ola bilər, bizim bilmədiyimiz yerlərdə məzarlıqlar olsun. Necə ki, hərbçilərimiz tərəfindən bir sıra məzarlıqlar aşkar olunub. Onların nəşləri valideynlərinə qaytarılır. Ermənistan sülh müqaviləsinin bağlanmasını gecikdirir. Nəhayət, dövlət komissiyası bu işə qarışaraq onlarla danışıqlar aparıb, müəyyən razılıqlar əldə olunub. Amma onlara inanmaq olmaz. Mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində yalanlar söylədilər. Yalançı xəritələr çəkdilər. Bütün istiqamətlərdə komissiyamız diqqətlə işləməlidir. Komissiyamız biz bildiyimizdən də çox məlumatlıdır. Orada kifayət qədər təcrübəli insanlar təmsil olunur".
Niyaməddin Orduxanlı
ƏHD Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bu görüşü çox yüksək qiymətləndirir: “Bildiyim qədəri ilə birinci Qarabağ müharibəsində rəsmən Azərbaycanın 4000 vətəndaşı itki düşüb. 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan 4000 şəxsin itkin düşməsi ilə bağlı heç bir açıqlama vermir. Qarabağda tikinti-quruculuq prosesində kütləvi məzarlıqlar aşkarlanır. Hansı vəhşiliklər törətdikləri, əsirlərə qarşı hansı işgəncələr verdikləri bir daha ortaya çıxır. İtkin düşən şəxslərin böyük əksəriyyəti mülki və dinc sakinlərdir, o cümlədən qoca-yaşlı, körpələr, uşaqlar, qadınlardır. Ermənistan çox yaxşı bilir ki, bütün bunlar bəşəriyyət əleyhinə ağır cinayətlərdir və bunu törədənlər mütləq öz layiqli cəzalarını alacaqlar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının Ermənistan tərəflə görüş keçirməsi bunu deməyə əsas verir ki, Azərbaycan Ermənistandan 4000 vətəndaşının hər birinin taleyi ilə maraqlanır və onların cəsədlərinin tapılıb ailələrinə təhvil verilməsini həyata keçirəcək.
Biz həm də işğal altında qalan məzarlıqlarımızda ermənilərin qəbirləri qazaraq qızıl diş axtarmaları səbəbi ilə minlərlə qəbirləri dağıtdıqları barədə faktları rəsmiləşdirib, beynəlxalq təşkilatlara təqdim etməliyik. Beyləxalq təşkilatlar da Ermənistandan tələb etməlidir ki, 4000 itkin barədə məlumatı Azərbaycana versinlər".
Əli Orucov
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov bu dəfə də ermənilərin mina xəritələri kimi dəqiq məlumat verməyəcəyini bildirdi: “Birinci Qarabağ müharibəsi zamanı qeyri-bərabər döyüşlərdə Azərbaycanın məğlub duruma salınması 20 faiz torpaqlarımızın işğalı ilə nəticələndi və minlərlə insan öz həyatını itirdi, faciəli sürətdə həlak oldu, soyqırıma məruz qaldı, əsir alındı, yüz minlərlə soydaşımız öz doğma yurd-yuvasından məcburi köç etdi. İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsindən sonra bir sıra ərazilərdə ermənilər tərəfindən törədilən kütləvi qətllərin izləri aşkar edilib. Tapılan kütləvi məzarlıqda ermənilərin cinayətkar əməlləri, dinc insanlara qarşı qəddarca davranmaları bir daha sübut olundu. Azərbaycan tərəfinin də dəfələrlə itkin və əsir düşən soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi barədə etdiyi tələblərdən İrəvanın hər dəfə boyun qaçırması əslində böyük miqyaslı cinayətlərini gizlətmək cəhdidir. Məncə, hər iki tərəfin itkin və əsir düşmüş şəxslərlə bağlı yaradılan dövlət komissiyalarının görüşü hesab edirəm ki, Ermənistanın daha bir manipulyasiyasıdır. Ermənistan hələ əsir və girov götürdükləri, oğurladıqları 4000-ə yaxın azərbaycanlı barədə heç nə demir. Həmin insanların kütləvi şəkildə ağır işgəncələr altında qətlə yetirildikləri və kütləvi məzarlıqlarda da basdırıldıqları şübhə doğurmur. Ancaq həmin məzarlıqların yeri barədə də məlumat verilmir. Məncə, Ermənistan əsir dedikdə daha çox bu gün mühakimə olunan qatı separatçı cinayətkarları nəzərdə tutur. Azərbaycanda heç bir əsir, girov və itkin düşmüş şəxs yoxdur. Bunu hətta Beynəlxalq Qızıl Xaç Komitəsi də təsdiq edib. Mən düşünmürəm ki, Ermənistan əsir və itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının görüşündən sonra bununla bağlı ciddi addımlar atacaq və qaranlıq qalan məsələlərə aydınlıq gətirəcək. İllərlə gözləri yollarda qalanların gözlərinin yoldan çəkilməsi üçün itkin və əsirlərin taleyinə aydınlıq gətirilməsinə kömək edəcək. Ermənistan mina xəritələrini də vermədi. Verdiyi xəritələr də dəqiq çıxmadı. Məncə, əsir və itkin düşmüş şəxslərlə bağlı da eyni davranacaq. İrəvan istəməz ki, törətdiyi ağır cinayətlərin üstü açılsın və Bakının əlinə daha tutarlı arqument və faktlar versin. Onsuz da Azərbaycan tərəfinə bu faktların çoxu məlumdur. Ermənistan tərəfindən törədilən dövləti cinayətin miqyası çox böyükdür və bunun cəzası da ağırdır. Bu cinayətlər təkcə Ermənistana rəhbərlik edənlərin deyil, onlara havadarlıq edənlərin də üzərindədir”.