“Azərbaycan həm milli maraqlarını, həm də regionun sabitliyini qorudu” Siyasət

“Azərbaycan həm milli maraqlarını, həm də regionun sabitliyini qorudu”

“Prezident İlham Əliyev Davosda olarkən Çinin CGTN telekanalına maraqlı müsahibə verib. Hər kəsə məlumdur ki, cənab Prezident İlham Əliyev beynəlxalq və yerli mediaya hər zaman açıq olub. Dövlət başçımız xüsusilə beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münasibətlərində fəaliyyətsizliyindən danışaraq bildirib ki, 30 il ərzində biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik”.

Bu sözləri xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov əlavə edib ki, cənab Prezidentin hər zaman dəfələrlə qeyd etdiyi məsələ beynəlxalq hüquq və normaların işləmədiyi və beynəlxalq təşkilatların yardımçı olmaması məsələsidir: “Bəli, əgər BMT-nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməsi beynəlxalq hüquq tərəfindən reallaşdırılmış olsaydı, Cənubi Qafqazda sülh və sabitlik çoxdan bərpa olmuşdu. Lakin beynəlxalq vasitəçilər, əksinə, məsələnin həllini uzadaraq regionumuzdakı gərginliyi bu günə kimi davam etdirmək istəyirdilər. Azərbaycan həm milli maraqlarını, həm də regionun sabitliyini qorudu”.

Röya İsrafilova