“Cənab Prezidentin müsahibəsi Azərbaycan iqtisadiyyatının inkişafı barədə məlumatlar üzərində qurulub” Siyasət

“Cənab Prezidentin müsahibəsi Azərbaycan iqtisadiyyatının inkişafı barədə məlumatlar üzərində qurulub”

“Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsi başdan ayağa Azərbaycanın iqtisadı əlaqələrinin və iqtisadiyyatının inkişafı barədə məlumatlar üzərində qurulub”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat bildirib ki, dövlət başçısı müsahibəsində qeyd edib ki, biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq: “Cənab Prezident bildirdi ki, bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. İlham Əliyevin də qeyd etdiyi kimi hazırda Azərbaycan dövləti həm yerli, həm də xarici investorlara geniş imkanlar və yaxşı şərait yaradıb. Bizim məqsədimiz şaxələnmiş xarici siyasət istiqamətində çoxtərəfli qarşılıqlı münasibətlərin qurulması, qlobal iqtisadiyyatın çox vacib bir parçası olmaqdır”.

M.Cəfərov vurğulayıb ki, Azərbaycanın məqsədi təkcə Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil, əsas məqsəd özəl sektorun faydalana biləcəyi dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır: “Ümumiyyətlə, Azərbaycanın qlobal iqtisadiyyatdakı hər bir irəliləyişi, daxili auditoriyanın sosial rifahını yaxşılaşdırmağa hesablanıb. Düşünürəm ki, Azərbaycan dövlətinin bugünkü gücü rəhbərin ictimaiyyət tərəfindən daima dəstəklənməsindən irəli gəlir. Dövlətimizin xarici siyasətdəki hər addımı xalq tərəfindən dəstəklənir və müdafiə olunur”.

Röya İsrafilova