
Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?
19 Fevral 23:07
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Qüdrət bəy,Tramp administrasiyası bizim əməkdaşlıq barədə çağırışlarımıza hələ ki, reaksiya vermir. Niyə?
– Trampın komandasında erməni diasporasına bağlı güclü şəxslər var. Bu, onlarla əlaqəli ola bilər. Seçki kompaniyası zamanı Trampın Qarabağ barədə açıqlamaları da mənə çox da nikbin olmağa imkan vermir. Baxmayaraq ki, bizimlə yaxşı münasibətləri olan yəhudi lobbisinin də Trampa güclü təsiri var. Amma onlar bizə görə hansı həddə qədər fədakarlıq edəcəklər, bəlli deyil. O cümlədən, Tramp qərar qəbul edərkən yaxından tanıdığı azərbaycanlıları nəzərə alacaqmı,o da bəlli deyil.
Digər səbəb o ola bilər ki, Tramp Rusiya ilə danışıqların nəticələrini gözləyir. Bundan asılı olaraq keçmiş sovet respublikaları ilə əməkdaşlıq minimuma endirilə bilər.
– Tramp yaxın qonşuları ilə münasibətlərin pozulması hesabına olmuş olsa da, ölkəyə narkotika və miqrantların daxil olmasının qarşısını ala biləcəkmi?
– Təcrübə göstərir ki, silah satışı da daxil olmaqla bu kimi fəaliyyətlə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin arxasında əksər hallarda xüsusi xidmət orqanları və ya onların hansısa əməkdaşları dayanır. ABŞ -nin, ümumiyyətlə, böyük dövlətlərin xüsusi xidmət orqanları qonşu ölkələrin xüsusi xidmət orqanları ilə bir çox hallarda açıq, bəzən gizli formada əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Bəzən həmin ölkələrdə birilərinin karyera yüksəlişi, yaxud mövqelərinin gücləndirilməsi üçün müxtəlif xarakterli əməliyyatlar həyata keçirir, bu məqsədlə nəzarət etdikləri qruplardan birini və ya həmin qrupların daxilindən kimlərinsə ifşa olunmasını da təşkil edirlər, onlara mane ola bləcək şəxsləri sıradan çıxarırlar. ABŞ-də bu barədə çox yazılıb, danışılıb, filmlər çəkilib və s. Ona görə Trampın bu istiqamətdə uğur qazanacağı az ehtimal olunur. Gördüyünüz kimi Meksika rəhbərliyi də Trampdan Meksikadakı cinayətkar qruplara silah satışını dərhal dayandırmağı tələb etdi. Tramp yavaşlamasa daha çox özünə böyük problemlər yaradacaq.
– ABŞ tezliklə Ukrayna ilə Rusiya arasında sülhə nail olacaq?
Ehtimal çox böyükdür. Əsas ona görə ki, münaqişə tərəfləri yorulub və müəyyən mənada tükənib. İkincisi, Avropa Bİrliyinin özü belə, ABŞ-nin dəstəyi olmasa çox müdafiəsizdir. ABŞ isə açıq formada deyir ki, hazırda bizi beynəlxalq hüquq normaları düşündürmür, biz mövcud reallıqdan çıxış edirik və bizi düşündürən xərclədiyimiz pullardı. Təmənnasız beynəlxalq təhlükəsizlik sistemini müdafiə etmək bizim öhdəliyimiz deyil.Mənə elə gəlir ki,Tramp Rusiyanın tam qalib gəlməsinin çətinliklərini anladığı üçün sülhə nail olmaq istəyir. Zelenski deyir və hamı onsuz da bilir ki, ABŞ kömək etməsə Ukrayna tezliklə işğal olunacaq. Ona görə də bu məsələdə son söz sahibi ABŞ-dir. ABŞ Ukraynanı ciddi güzəştlərə, daha doğrusu kapitulyasiyaya məcbur edəcək. Ukrayna öz ərazisinin 70%-ni qoruyub saxlaya bilsə, bu, indiki halda onun üçün uğur sayıla bilər. Qərbin tanınmış siyasi ekspertəri, jurnalistləri elə -belə demirlər ki, ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur. Zelenski gənc və təcrübəsiz olduğundan bunu başa düşmədi, 2014-cü ildən nəticə çıxarmağı bacarmadı..
– Tramp Rusiyanın tam qalib gəlməsini istəyirdisə onda Ukraynaya köməyi niyə dayandırmır?
Öz ölkəsində xalqın reaksiyasından çəkinir. Bayden də bundan çəkinirdi. Onlar arada 6 ay müxtəlif bəhanələrlə bunu etmədilər. ABŞ Ukraynaya qalib gəlməsi üçün yox, sifətlərini qorumaları və qismən də özlərinin faydalanmaları üçün kömək edib. Onlar tez-tez göstərdikləri köməyin məbləğni gözə soxurlar, bilə-bilə ki,bu böyük müharibədə o heç nədir. İkinci dünya müharibəsində ABŞ-nin Sovet İttifaqına etdiyi kömklə indi Ukraynaya etdikləri köməyi müqyisə edin, hər şey aydın olacaq. İkinci dünya müharibəsinin gedişində ABŞ həm də öz silahlı qüvvələri ilə müharibəyə qatılmışdı. O zaman ki, artıq faşist Almaniyasının məğlub olacağı görsənirdi.