

Birol Akgün: “Hər iki ölkənin sevinci və kədəri birdir”
Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda dəyirmi masa tədbiri keçirilib.
Tədbirin açılışında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinə diqqət çəkib: “Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir. Qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. Bunun başlıca səbəbi isə hər iki ölkənin liderləri arasındakı sarsılmaz qardaşlıq münasibətləridir. Düşünürəm ki, növbəti illər ərzində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatacaq”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi nəticəsində iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə verən intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərir.
Hər iki ölkənin liderlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisə olduğuna diqqətçəkən icraçı direktor qeyd edib ki, bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.
“Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.
Eyni zamanda, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərinin təbliği, dövlət maraqlarımızın müdafiəsi, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışır.
Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da artırılacaq”, - deyə icraçı direktor bildirib.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığının mühüm rol oynadığını deyib: “Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur. Hər iki ölkənin sevinci və kədəri birdir. Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”.
Tədbirdə media nümayəndələri iştirak edib, həmçinin tədbir çərçivəsində keçirilən panellərdə media orqanlarının və aparıcı KİV-lərin rəhbərləri çıxış edib.
Həmçinin, Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkil olunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.