Prezident: Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir Siyasət

Prezident: Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir

İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayır. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam.

Bunu Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşdə deyib.

“Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik”, - dövlət başçısı bildirib.