

Bu gün Bakıda Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Milli Məclisin Asiya Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev 15-ci plenar sessiya çərçivəsində qurumun Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma, İqtisadiyyat və davamlı inkişaf, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarının keçirildiyini söyləyib.
Qeyd edilib ki, komitələrin gündəliklərinə daxil edilən məsələlər, o cümlədən müvafiq qətnamə layihələri, yekun hesabatlar nəzərdən keçirilib.
Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının İcraedici Şurasında baxılan məsələlər barədə məlumat verib. O, bildirib ki, 2025-ci il üçün Rusiya Federasiyasının namizədliyi Asiya Parlament Assambleyasının vitse-prezidenti və Sosial və mədəni məsələlər üzrə daimi komitənin sədri, Qətər Dövlətinin namizədliyi Asiya Parlament Assambleyasının vitse-prezidenti və Büdcə və planlaşdırma üzrə daimi komitənin sədri, Bəhreyn Krallığının namizədliyi Asiya Parlament Assambleyasının vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri, İran İslam Respublikasının namizədliyi Asiya Parlament Assambleyasının vitse-prezident və Siyasi məsələlər üzrə daimi komitənin sədri kimi təqdim edilib. Tədbir iştirakçıları irəli sürülən namizədlikləri dəstəkləyiblər.
Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edərək, Azərbaycan Respublikasına Asiya Parlament Assambleyasına sədrlik etdiyi dövrdə yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü ifadə edib.
Rizvan Nəbiyev bildirib ki, əldə edilmiş razılığa əsasən, Bəhreyn Krallığı 2026-cı il üçün, İran İslam Respublikası isə 2027-2028-ci illərdə Asiya Parlament Assambleyasının sədrliyini öz üzərinə götürür. Bununla yanaşı, İran İslam Respublikası 2026-cı ildə Assambleyanın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri vəzifələrini icra edəcək. Bu məsələlərlə bağlı qərar da təsdiq edilib.
Sonra APA-nın Nizamnaməsinə və Reqlamentinə qurumun İcraedici Şurasının tövsiyə etdiyi dəyişikliklər nəzərdən keçirilib və təsdiq olunub.
Yekunda Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi Azərbaycanın sədrliyi ilə Assableyanın 15-ci plenar sessiyasının uğurla keçdiyini, vacib qərarların qəbul edildiyini və bunun qurumun prinsiplərinə uyğun olduğunu söyləyib. O, Bakıdakı tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinə göstərdikləri fəallığa görə təşəkkür edib. Baş katib, həmçinin, parlamentlərdə təmsil olunan gənc nəslin nümayəndələrinin fəaliyyətini, onların ümumi işə verdiyi töhfələri yüksək dəyərləndirib.
Mohammad Reza Majidi Milli Məclisin spikeri Sahibə Qafarovaya Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının yüksək səviyyədə təşkilinə və səmərəli müzakirələrə görə bir daha öz minnətdarlığını bildirib.
Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsinin və müxtəlif mövzularda 29 qətnamənin qəbul edildiyini diqqətə çatdırıb.
Asiya Parlament Assambleyasının Azərbaycanın evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyası bağlı elan edilib.