

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Xalqcebhesi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Söhbət zamanı spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, Azərbaycanın sədrliyi dövründə bu qurumun institusional inkişafı üçün görülən işlər, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bəzi Avropa təşkilatlarının və ölkələrinin ölkəmizə qarşı qərəzli münasibəti barədə qonaqlara məlumat verib.
Seyid Yusuf Rza Gilani bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O, diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir və xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.