“Azərbaycan-Türkiyə-Pakistan üçlüyü heç kimin xələl gətirə bilməyəcəyi güc mərkəzidir" Siyasət

“Azərbaycan-Türkiyə-Pakistan üçlüyü heç kimin xələl gətirə bilməyəcəyi güc mərkəzidir"

“Pakistan Orta Dəhliz marşrutunun ürəyinə yaxın yerdə yerləşən ölkədir. Pakistan, eyni zamanda, Əfqanıstana və Mərkəzi Asiyaya çıxışın təmin edilməsi və orada stabilliyin olması üçün vacibdir. Bu da Azərbaycan üçün çox əhəmiyyətlidir. Eləcə də Azərbaycan və Pakistan arasında münasibətlər siyasi, diplomatik, iqtisadi cəbhədə də çox möhkəmdir”.

Bunu xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev əlavə edib ki, Pakistanın 44 günlük müharibədə Azərbaycana diplomatik və siyasi, mənəvi dəstəyi göz önündədir: “Azərbaycan Pakistanla münasibətlərini bundan sonra daha da inkişaf etdirəcək, dərinləşdirəcək. Pakistan isə Azərbaycanla dost olmaqla Cənubi Qafqaza, Xəzər və Qara dəniz regionuna çıxış əldə edir. Eləcə də Azərbaycan-Türkiyə-Pakistan üçlüyü dünyada heç kimin xələl gətirə bilməyəcəyi güc mərkəzidir. Təbii ki, bu, düşmənlərimizin çox narahat olmasına səbəb olur. Təsadüfi deyil ki, Hindistan kimi ölkə Ermənistana silah yardımını çoxaldır və məhz Azərbaycan-Türkiyə-Pakistan dostluğundan qıcıqlanaraq Ermənistanı hədəf götürür ki, silahlandırsın və bizə qarşı istifadə etsin”.

Deputat vurğulayıb ki, bu, reallığı dəyişə bilməyəcək: “Azərbaycan-Pakistan dostluğu heç kimə, heç bir ölkəyə qarşı yönəlməyib. Ancaq təəssüflər olsun ki, Hindistanda bunu belə başa düşmürlər. Hindistanın Ermənistanla yaxın münasibət qurması öz yerində, lakin Ermənistanın silahlandırılması Qafqazda revanşizmə aparır. Biz də buna heç vaxt icazə verə bilmərik ki, Ermənistan yenidən silahlansın, müharibə etsin. Ona görə də bu məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan-Pakistan-Türkiyə ittifaqının dünyanın geosiyasi stabillik, müttəfiqlik, qardaşlıq münasibətlərinin qurulmasında marağı yalnız öz təhlükəsizliyimizi təmin etməkdir. Ancaq digər ölkələr bunu başqa cür görür, düşünür və destruktiv fəaliyyətlərini davam etdirir”.

Röya İsrafilova