Elnur Məmmədov Cenevrədə səfərdə olub Siyasət

Elnur Məmmədov Cenevrədə səfərdə olub

23-26 fevral 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.

Nazir müavini çıxışı zamanı postmünaqişə dövründə regional vəziyyət, “Böyük Qayıdış” çərçivəsində görülən işlər, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialardan ətraflı bəhs edib, Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qaldırdığı iddialara cavab verib.

Keçmiş münaqişə dövründə Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı ölkəmiz tərəfindən beynəlxalq məhkəmələrdə aparılan proseslər, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, mina təhdidi ilə mübarizə, habelə indiki Ermənistan ərazilərindən qovulmuş həmvətənlərimizin hüquqlarının bərpası səyləri barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini həmçinin Qvatemalanın xarici işlər naziri Karlos Ramiro Martinez Alvarado, Şri-Lankanın xarici işlər naziri Vijita Hert, Maldivin xarici işlər naziri Abdulla Xəlil, Nepalın xarici işlər naziri Arzu Rana Deuba, Kosta-Rikanın xarici işlər nazirinin müavini Alehandro Solano Ortiz, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Nura Zaid Alrşud ilə görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərdən irəli gələn məsələlər, postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin yenidənqurma və sülh səyləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.