Səfir: Azərbaycan Rusiya parlamentini Xocalı hadisələrinə hüquqi qiymət verməyə çağırır Siyasət

Səfir: Azərbaycan Rusiya parlamentini Xocalı hadisələrinə hüquqi qiymət verməyə çağırır

Azərbaycan Rusiya parlamentini Xocalı hadisələrinə hüquqi qiymət verməyə çağırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.

Diplomat bu faciənin müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu söyləyib.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasının rolunu ayrıca qeyd edən səfirin sözlərinə görə, bu kampaniya faciənin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib:

“Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. Dünyanın 18 ölkəsinin parlamenti bu cinayəti bəşəriyyətə qarşı cinayət kimi pisləyib”.

R. Mustafayev vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti, o cümlədən Rusiya parlamentini də Xocalı hadisələrinə hüquqi qiymət verməyə çağırır:

“Ümid edirəm ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının da bu problemə diqqət yetirəcəyi gün gələcək. Duma müvafiq qərar qəbul edəcək, hansı ki, bu, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq” - deyə səfir qeyd edib.