“Azərbaycanla əlaqələr inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətlidir” Siyasət

“Azərbaycanla əlaqələr inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətlidir”

“Son dövrlərdə Azərbaycana Afrika və Asiya ölkələrinin liderlərinin səfərləri çoxalıb. Xüsusilə də Afrikadan Azərbaycanla münasibətlər qurmaq istəyən ölkələrin sayının artığını hiss edirik. Qvineya-Bisau Respublikasının liderinin Azərbaycana səfəri bir daha göstərir ki, Azərbaycanla əlaqələr inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyət daşıyır”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat əlavə edib ki, Azərbaycanın dövlətçilik təcrübəsi, öz təbii ehtiyatlarının xalqın problemlərinin həll edilməsinə yönəldilməsi, müstəqil daxili və xarici siyasət təcrübəsi həmin ölkələr üçün olduqca vacibdir: “Eyni zamanda, həmin ölkələr iqtisadi problemlərin həllində Azərbaycanla iqtisadi əməkdaşlığa diqqət yetirirlər. Azərbaycan qarşılıqlı mənafe əsasında birgə layihələr həyata keçirməyə hazırdır. Burada söhbət həm bir-birinin ölkəsinə investisiya qoymaq, həm də həmin ölkələrin dəvəti ilə Azərbaycanın onların iqtisadiyyatının bu və ya digər sahəsinin inkişafına dəstək verməsindən gedə bilər. Əlbəttə ki, bunlar nəzərdən keçirilir və maraq doğuran məsələlər barəsində razılığa gəlinir. Həmçinin belə səfərlər ölkələrin siyasi əlaqələrinin möhkəmlənməsinə, beynəlxalq birlikdə birgə fəaliyyət göstərməsinə, bir-birini daha yaxşı tanımasına kömək edir. Hesab edirəm ki, Qvineya-Bisau Respublikasının liderinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da yüksək səviyyəyə qalxmasına kömək edəcək”.

Röya İsrafilova