“Bu əlaqələr regionlar arasında dialoqun genişlənməsinə kömək edir” Siyasət

“Bu əlaqələr regionlar arasında dialoqun genişlənməsinə kömək edir”

“Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arenada fəal bir siyasət yürütməsi, xüsusilə Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi, ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu əlaqələr yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəni, təhsil və humanitar sahələrdə də genişlənir. Azərbaycan 1992-2012-ci illər ərzində Afrika qitəsindəki bir çox ölkə ilə diplomatik münasibətlər quraraq bu regionla əməkdaşlığın əsasını qoyub. Bu münasibətlər yalnız ikitərəfli deyil, həm də BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq platformalarda çoxtərəfli əməkdaşlıqla dəstəklənir”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

Politoloqun sözlərinə görə, Afrika ölkələri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycan üçün yeni bazar imkanları yaradır, xüsusilə enerji, kənd təsərrüfatı, infrastruktur və texnologiya sahələrində əməkdaşlıq potensialını yüksəldir: “Azərbaycanın enerji resurslarının idarə edilməsi təcrübəsi Afrika ölkələri üçün nümunəvi ola bilər. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı yüksək siyasət bir çox Afrika ölkəsi üçün maraqlıdır. Xüsusilə, Azərbaycanın Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı təcrübəsi digər regionlar üçün də maraqlıdır".

E.Telmanoğlu qeyd edib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsi üçün mühüm fürsətdir: “Həmçinin bugünkü səfər tarixi səfərdir. Afrika ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın beynəlxalq arenada müstəqil və əzmkar siyasət yeritməsinin bariz nümunəsidir. Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı yalnız iqtisadi və siyasi mənfəətlər deyil, həm də qarşılıqlı hörmət və anlaşma əsasında qurulan uzunmüddətli münasibətlərdir. Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir və regionlar arasında dialoqun genişlənməsinə kömək edir. Qvineya-Bisau ilə son görüşlər də göstərir ki, Azərbaycan Afrika ilə əlaqələrini yeni bir səviyyəyə qaldırmaq istəyir. Bu istiqamətdə atılan addımlar həm Azərbaycan, həm də Afrika ölkələri üçün gələcəkdə uğurlu nəticələr verə bilər.

Röya İsrafilova