Öcalanın tarixi çağırışı: PKK silahı yerə qoyacaq, yoxsa?.. Siyasət

Öcalanın tarixi çağırışı: PKK silahı yerə qoyacaq, yoxsa?..

Abdullah Öcalanın məktubu oxundu, yaratdığı və həbs oldunduğu günə qədər rəhbəri olduğu terrorçu PKK təşkilatının özünü buraxması vacibliyini bildirdi. Bundan sonra PKK-nın Suriya və İraqdakı qolları necə hərəkət edəcəklərinə qərar verməlidirlər. Onlar ya həbsdə olan liderlərinin istəyinə uygun olaraq Türkiyəyə qarşı terrorçu mübarizədən əl çəkəcəklər, ya da bir qrupu tərk-silah olunmaqdan imtina edəcək.

Xalqcebhesi.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu PKK lideri Abdullah Öcalanın İmralı həbsxanasından terror üzvlərinə tərk-silah olması ilə bağlı rəsmi çağırışını şərh edərkən deyib.

O bildirib ki, böyük ehtimalla PKK-çıların bir hissəsi Öcalanın istəyinə müsbət cavab verəcək:

“Digər qrup isə dağlarda gizlənməkdə davam edəcək. Belə olan halda ikincilər Türkiyə ordusunun növbəti zərbələri ilə üzləşəcəklər.

PKK terrorçu təşkilat olmaqla yanaşı, Türkiyəni zəif görmək istəyən bir sıra dövlətin əlində alətdir. PKK bəlkə də dünyada yeganə terrorçu təşkilatdır ki, bir-birinə zidd ölkələr tərəfidən açıq və gizli dəstəklənir. Bu sırada ABŞ, Rusiya, İran, Yunanıstan, Fransa, hətta İsrail kimi dövlətlər yer alıb. Ona görə də Abdullah Öcalanın tərəfdarlarına ünvanladığı məktubda “silahı yerə qoyun” çağırışı həmin ölkələrin də diqqət mərkəzindədir. Həmin ölkələr çalışacaqlar ki, 1984-cü ildən Türkiyəyə qarşı terrora başlayan PKK öz varlığını hansısa formada davam etdirsin. PKK-çılardan silahı yerə qoymayanlar xarici mərkəzlərin tapşırığını yerinə yetirəcəklər. Türkiyə Öcalanın məktubundan da yararlanaraq var gücü ilə PKK alətini həmin dövlətlərin əlindən almağa çalışacaq”.