

“Hazırda Afrika ölkələri ilə münasibətlər Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən birini müəyyən edir. Çünki indiki tarixi mərhələdə bütün dünyanın diqqəti Afrikaya yönəlib. Afrika qitəsi coğrafi qədər, tale etibarı ilə yeni bir mərhələyə qədəm qoyub. Uzun əsrlər boyu Afrikanı müstəmləkə altında saxlayan bir sıra ölkələr geri çəkilmək məcburiyyətində qalıb. Xüsusən Qərbi və Mərkəzi Afrika ölkələrində mühüm, tarixi hesab edilə biləcək dəyişiklilər baş verir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputatın sözlərinə görə, əsas etibarı ilə Mərkəzi Afrikadan Fransa kimi imperialist ölkələr geri çəkilməklə yeni reallıqda yeni xarici siyasət imkanları üçün perspektivlər açıb: “Biz bilirik ki, Afrika həm təbii sərvətlərlə zəngindir və həm də dünyanın inkişaf etməkdə olan mühüm coğrafiyası kimi investisiya tələb edən ərazidir və yeni inkişafın əsasları üçün də bu investisiyalar olduqca vacibdir”.
H.Babaoğlu vurğulayıb ki, bütün bunlarla bərabər Afrika həm də təbii ehtiyatlar coğrafiyasıdır: “Bu mənada düşünürəm ki, son dövrlərdə iki Afrika ölkəsinin prezidentlərinin Azərbaycana səfər etməsi mühüm əhəmiyyət daşıyır. Dünən Qvineya-Bisau Respublikasının Prezidentinin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu, eyni zamanda Azərbaycanın yeni statusda dünyaya yenidən açılması hadisəsidir. Biz bilirik ki, uzun illər Azərbaycan xarici siyasətinin əsas prioriteti yalnız və yalnız bir istiqamətə - ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmişdi və xarici siyasət enerjimizin az qala hamısı buna xərclənirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Mən düşünürəm ki, bu, həm də Azərbaycanın yaratdığı yeni reallıqlarla əlaqədardır. Dolayısı ilə bu, Azərbaycanın dünyaya yenidən açılması, böyüməsi deməkdir. Yəni bu gün bizim xarici siyasətimiz Sakit okean adalarından tutmuş Afrikaya qədər genişlənirsə, bu, Azərbaycan diplomatiyası tarixində yeni bir mərhələdir”.
Röya İsrafilova