“Peşə məktəbi və kollecin olmaması Ağsuda təhsilin səviyyəsinə mənfi təsiri göstərir”-Elçin Mirzəbəyli Siyasət

“Peşə məktəbi və kollecin olmaması Ağsuda təhsilin səviyyəsinə mənfi təsiri göstərir”-Elçin Mirzəbəyli

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi motivasiya xarakteri daşıdığı üçün mütərəqqi olduğunu düşünür və dəstəkləyirəm.
Eyni zamanda, qənaətimə görə, qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər, nə qədər prioritet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməli və daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Elçin Mirzəbəyli əlavə edib ki, bu sıraya, qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir: “Qanun layihəsinin ümumi mahiyyəti imkan verdiyi üçün təmsil etdiyim Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkmək istəyirəm. Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontektindən yanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhalinin gediş-gəlişi baxımından, nəzəri deyil, sahə üzrə yanaşmaların zəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getmək daha rahatdır, nəinki dolayları aşaraq, Şamaxıya və ya Qobustana. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayət qədərdir.
Xatırladım ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır.
Məsələn, “Geniş profilli traktorçu-maşinist, təmirçi çilingər” ixtisası adlarını sadaladığım rayonlarda fəaliyyət göstərən peşə məktəblərinin hər birində var. Eyni fikri “Elektrik qaz qaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik montyoru”, “Baytar texniki”, “Avtomobil təmiri” və digər ixtisaslarla bağlı demək də mümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda, yalnız Kürdəmirdə belə bir peşə tədris edilir. Və yaxud ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” peşəsi, yalnız Göyçay peşə liseyində var”.
Millət vəkili həmçinin bildirib: “Bununla yanaşı, həm Şamaxıda, həm Göyçayda, həm də İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda nə peşə məktəbi, nə də kollec yoxdur və bu da şübhəsiz ki, rayonda təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir.
Fürsətdən istifadə edib, buradan hökumətimizi Ağsu rayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək.
Eyni zamanda Heydər Əliyev fonduna Ağsuda təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi və keçirməyi planlaşdırdığı layihələrə görə dərin minnətdarlığımı bildirirəm...”.