Ayxan Hacızadədən fransalı nazirə cavab Siyasət

Ayxan Hacızadədən fransalı nazirə cavab

İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, ölkəmizi əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına cavabında deyib.

"Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır.

Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun.

Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.

Fransa tərəfindən ölkəmizə qarşı bu əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 28 fevral 2025-ci il tarixində Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals Yeni Kaledoniyaya səfəri zamanı Azərbaycanı Fransanın dənizaşırı ərazilərinə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandıraraq, habelə ölkəmizi Qarabağda guya “etnik təmizləmə” aparmaqda ittiham edib.