GUAM-a sədrlik Azərbaycandan bu ölkəyə keçdi Siyasət

GUAM-a sədrlik Azərbaycandan bu ölkəyə keçdi

Martın 3-də Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, GUAM-a üzv ölkələrinin parlamentarilərinin qatıldıqları tədbir çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib.

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM-a üzv ölkələr arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir.

Çxeişvilinin sözlərinə görə, dialoq, bilik və təcrübə mübadiləsi, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsi ön planda olmalıdır.

Sessiyanın sonunda Assambleyanın yekun sənədi – Kommünike qəbul edilib.

GUAM Parlament Assambleyasına sədrlik bir il müddətə Azərbaycandan Gürcüstana keçib.