

“Dünən mən Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizini gözardı edən və öz ağlınca Azərbaycanla Türkiyə arasında maraq toqquşması yaradacaq məqaləsinə toxunmuş, onu belə primitiv cəhdlərdənsə Əliyev-Ərdoğan görüşünü izləməyə çağırmışdım. Ümid edirəm ki, Ermənistan baş naziri həmin görüşdə cənab İlham Əliyevin səsləndirdiyi və ardınca “X” sosial platforma hesabında sayın Rəcəb Tayyip Ərdoğanın yazdığı fikirlərin nə anlam daşıdığından düzgün nəticə çıxaracaq. Gəlin, cənab İlham Əliyevin dediyinə diqqət yetirək: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir". Azərbaycan Prezidentinin bir vaxtlar nəyi ədalətsizlik adlandırdığını və onun necə aradan qaldırıldığını işğalçı ölkədəkilər yəqin unutmayıb. İndi də sayın Ərdoğanın “X”-də dövlət başçımızın Ankaraya səfəri ilə bağlı yazdıqlarına baxaq: “Mənə qardaşımı, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyədə qəbul etmək çox xoş oldu. Biz "Bir millət, iki dövlət" şüarı çərçivəsində qardaşlıq əlaqələrimizin bütün sahələrində müdafiədən tutmuş ticarətədək böyük məsafə qət etmişik. İnşallah bundan sonra regional sülhə, rifaha və hüzura yönəlik hər cür layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq". Paşinyan da, Ermənistanla "min illik sərhəd"dən dəm vuranlar da Türkiyə Prezidentinin Azərbaycanla əlaqələrdən bəhs edərkən müdafiə sahəsini nədən birinci yazdığının yəqin fərqindədirlər”.
Bu sözləri xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat vurğulayıb ki, onlar anlamamış deyillər ki, regional sülhə yönəlik hər cür layihələr deyərkən ilk növbədə Zəngəzur kommunikasiya dəhlizi nəzərdə tutulur: “Naxçıvan-İğdır qaz kəmərinin işə düşməsi, Qars-Naxçıvan dəmir yolunun çəkilişi üçün hazırlıqlara başlanması Azərbaycanın sadəcə bir bölgəsi ilə Türkiyə arasında əlaqələr üçün deyil. Mən burada İğdır-Naxçıvan qaz kəmərini heç də səbəbsiz Naxçıvan-İğdır kimi təqdim etmirəm. Fikrimcə, gələcəkdə bu kəmərlə İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək. Naxçıvana isə o qaz Zəngəzur dəhlizindən keçməklə çatdırılacaq”.
S.Alıyev həmçinin əlavə edib ki, Zəngəzur dəhlizinin İrandan keçən Arazboyu yolla eyni şərtlər çərçivəsində fəaliyyət göstərə biləcəyini deyən Ermənistan baş naziri bir neçə reallığı unudur ki, onlardan da biri azərbaycanlı faktorudur: “İrandan keçəcək yolun dörd bir tərəfində ancaq bizim soydaşlarımız yaşayır. Zəngəzur dəhlizi boyunca da uzun əsrlər kimlərin yaşadıqlarını Paşinyan çox gözəl bilir. Bilmirsə, yetirməsi olduğu Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-dəki çıxışına bir də qulaq assın. O, Ermənistanın keçmiş prezidentinin yurdlarından didərgin saldıqlarını fəxrlə bildirdiyi Qərbi Azərbaycan kökənlilərin geri dönmələrinə razıdırmı? Bu suala veriləcək cavab aydındır və açığı, bizim üçün elə də önəmli deyil. Çünki Zəngəzur dəhlizi də işə düşəcək, Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzurdakı yurd yerlərimizə də qayıdacağıq!”
Röya İsrafilova